İlahiyyatçı Hacı Şahin Həsənli Bayraq Günü münasibətilə təbrik paylaşıb:
"Bayrağımız artıq ona yaraşan ən gözəl yerdə dalğalanır - Şuşada!
Bu əziz bayrağın hər rəngi xalqımızın təməl amallarını əks etdirir: millətin özünə inamı, inkişafa yönəlməsi və mənəvi dəyərlərə sədaqəti. Etnik mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlılar üçün bu təməllər ortaqdır, həyati əhəmiyyət kəsb edir. Ona görə də bu üçrəngli bayraq ilk növbədə hər birimizin qəlbində yer alıb.
Maddi rifahla mənəviyyatı bayraqda birləşdirmək İslam dünyagörüşündən qaynaqlanır. Dinimiz heç zaman dünyanı maddiyyatla mənəviyyatın qarşıdurması kimi tanıtmayıb. Məna və maddə bir birini tamamlamalı, vəhdət təşkil etməlidir.
Biz mütərəqqi yol seçdik, güclü dövlət qurduq, yüksək iqtisadi göstəricilə nümayiş etdirdik, lakin heç zaman təqlidçilik etmədik, özümüz olaraq qaldıq. Ailə dəyərləri, böyüklərə hörmət, kiçiklərə nəvaziş, dosta səmimiyyət, düşmənə qətiyyət göstərdik. Bütün bunlar da bizi biz edən mənəvi dəyərlərdir. Ona görə də deyə bilərik ki, bayrağımız qarışıq dünyada bir oriyentir, kompass rolu oynayır bizim üçün".
hacishahin.az