XƏBƏRLƏR

"Bu eyni zamanda mənəvi qələbədir" - qələbə təbriki

10 Noyabr 2020 813

"Uzun illər gözlədiyimiz bu anı bizə yaşadan Allaha sonsuz şükürlər olsun!"


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Vətən müharibəsində qələbə qazanmağımız münasibətilə paylaşdığı təbrikdə yazıb. Onun sözlərinə görə, bu gün Azərbaycan tarixinə əbədi olaraq ən böyük qələbə günü kimi həkk olunacaq:


"Bu yalnız hərbi və siyasi deyil, eyni zamanda mənəvi qələbədir. Yalnız inam, əzm, rəşadət və birlik sayəsində mümkün olan qələbə. Biz hər kəsə göstərdik ki, zor dilini qəbul etmir və hər bir təcavüzün qarşısını qətiyyətlə alırıq.


"Həqiqətən, Allahın nüsrəti yaxındır!"


Bu gün Qarabağ qayıtdı, Qarabağa qayıtdıq, otuz illik həsrətimizə son qoyuldu. Qısa bir zamanda zəfər çaldıq, sülhü təmin etdik. Şəhidlərimizin intiqamını aldıq, ruhlarını şad etdik. Günahsız körpələrə qıyanları, qadın və yaşlılara rəhm etməyənləri cəzalandırdıq. Doğma evlərindən didərgin düşənləri evlərinə qaytardıq. Haqq-ədalət tapdalanan dünyada haqqı və ədaləti  bərpa etdik. Məzlumun haqqını, zalımın cəzasını verdik. Necə ki, Həzrət Əli (ə) böyük xalqın qələbəsini xeyirxahlıq və xilas adlandırıb.


Bütün bunlara görə Allaha şükr edir, ordumuz və bütün xalqımız önündə baş əyirəm. Şəhidlərimizin müqəddəs ruhları qarşısında təzim edərək, bizə şəfaətçi olmalarını diləyirəm. Bizi bu qələbəyə aparan Ali Baş Komandana təşəkkür edirəm.


Qələbəmiz mübarək olsun!
Yaşasın Azərbaycan!"



hacishahin.az