İlahiyyatçı Hacı Şahin Həsənli bu gün Siyəzəndə şəhid ailələrinə baş çəkib, anım mərasimlərinə qatılıb.
Şəhidləri anmaq üçün gələnlər qarşısında çıxış edən ilahiyyatçının sözlərinə görə, şəhidlərin pak ruhları ilə əlaqə yaratmağa ehtiyaclıyıq. Bu səbəbdən şəhid məclislərinə qatılmaq zəruridir. Qurani-Kərimin də buyurduğu kimi, şəhidlər diridirlər. Yəni onların ruhu hər iki aləmi əhatə edir, dünya ilə əlaqələri kəsilmir. Həm də dünyadakı proseslərə, xalqının müqəddəratına daha çox təsir edə bilir.
İnsanın dəyəri onun hədəfi qədərdir. Xalqı qoruyanların hədəfi böyük olduğu üçün, onların dəyəri çoxdur. Cəbhədə düşmənlərlə üz-üzə duran, mənəvi dəyərlərimizi qoruyan və xalqın məsuliyyətini üzərinə götürən hərbçilərdir deyə, onlara xüsusi ehtiram göstərilməlidir.
Yad dəyərlərin təsirindən insanların bir birinə qarşı biganələşməsindən çox şikayətlər var idi. Amma əsgərlər və şəhidlər bu təsirləri aradan apardı, xalqın itirilmiş dəyərlərini, fədakarlığı, mehribanlığı dirçəltdi. Eqoizmdən çıxaraq, həyatın ləzzətini dadmağa hamımıza imkan yaratdı. Şəhidlər bizi öz əsl kimliyimizə qaytardı, xalqımız da böyük qəhrəmanlıq və birlik nümayiş etdirdi. Şəhidlərin qanı hədər olmur, xalqımızın xoşbəxt gələcəyini təmin edir.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir. Daha öncə ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Masallı, Saatlı və Lənkərana səfər edib.
hacishahin.az
Hacı Şahin Həsənli Siyəzəndə şəhid ailələrini ziyarət edib
19 Noyabr 2020
1068