İlahiyyatçı Hacı Şahin Həsənli bu gün Lənkəran və Sabirabadda şəhid ailələrinə baş çəkib, anım mərasimlərinə qatılıb.
Şəhidləri anmaq üçün gələnlər qarşısında çıxış edən ilahiyyatçının sözlərinə görə, şəhid ölüm deyil, həyat ustadıdır. İrfani baxımdan insanın yaradılış məqsədi Yaradanla görüşdür. Ömr də bizə fürsət kimi verilib ki, həmin görüşə hazırlaşaq, onun keyfiyyətini təyin edək. Ölüm Allahla görüşün başlanğıcıdır və bu görüş əbədi davam edir. Hər dəfə Allah insana yeni cilvədə göstərir, insanı sonsuz seyrə aparır. Ona görə də cənnət insanı yormur. Eyni zamanda eqoizm aradan getdiyi üçün cənnətdə münaqişə və acılıq olmur. Bu gün liberalizm mənfəətpərəstlik, eqoizm üzərində qurulmuş tərz-təfəkkür yayır. Hətta haqq tələblik haqqın özünü deyil, öz haqqını tələb etmək kimi başa düşülür. Bu dünyagörüşünü laxladan, daha keyfiyyətli həyat nümunəsi ortaya qoyan şəhidlərdir. Bu təfəkkürə əsaslanan gözəl həyatın nümunəsini Ərbəin yürüşündə də müşahidə etmək olar. Elə bir həyat ki, eşqmərkəzlidir. Şəhid də "mən" qəfəsindən çıxıb, eşqə dayanan ömr yaşayır, xoşbəxt olur, sonda da fədakarlığa münasib ölümlə Allahın görüşünə gedir. Şəhid ilahi rəngə bürünmüş həyatın canlı nümunələridir deyə sevilirlər. Bu nümunə Peyğəmbərin (s) yaratdığı və İmam Hüseynin (ə) qoruduğu, ümumbəşəri dəyərlərə dayanan məktəbdən qaynaqlanır. Bu səbəbdən şəhidlərin xatirəsini qorumaq, onların yolunu davam etdirmək hər birimizin borcudur.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir. Daha öncə ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Masallı və Siyəzənə səfər edib.
hacishahin.az