Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərin bir qismi bu gün həyatda deyil. Onlar məhz işğaldan sonra vəfat etdikləri üçün qaçqın və məcburi köçkün kimi yerləşdikləri rayon və şəhərdə dəfn ediliblər. Lakin Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi bu şəxslərin məzarlarının öz vəsiyyətləri əsasında həmin ərazilərə daşınması məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin deyib ki, məzarın açılması dini nöqteyi-nəzərdən haramdır:
“Bu gün həyatda olmayan şəxslərin nəşlərinin daşınması məsələsi Qafqaz Müsəlmanları İdarəsinin gündəliyində deyil. Digər tərəfdən, dəfn olunmuş insan qəsd olunmuş torpaqda basdırılarsa, onun nəşinin daşınması istisna hal ola bilər. Yaxud da tibbi ekspertiza üçün lazım olarsa, məzarı açıla bilər.
Ciddi zərurət olmadığı təqdirdə məzarın açılması və onun qalıqlarının daşınmasına dinimiz icazə vermir. İndiki şəraitdə Azərbaycanın bütün torpaqları o insanlar üçün vətəndir. Ona görə də onların nəşlərinin daşınması üçün qəbrin açılması məqbul deyil”.
hacishahin.az