İlahiyyatçı Hacı Şahin Həsənlinin şəhid ailələrinin ziyarəti məqsədilə bölgələrə səfəri davam edir. İlahiyyatçı noyabrın 30-u Lerik, dekabrın 1-i isə Neftçalaya səfər edib.
Şəhidi yad etmək üçün toplananlar qarşısında çıxış edən Hacı Şahin Həsənli bildirib ki, şəhidin anılması hər birimizin vəzifəsidir. Çünki şəhidlər xalqımıza qələbə qazandırmaqla milli qürurumuzu, özünəinamımızı qaytarıb. Onların sayəsində mənəvi dəyərlərimiz yaşayır, birliyimiz möhkəmlənir. Ön cəbhə ilə arxa cəbhədə eyni həyacan, eyni fədakarlıq nümayiş olundu. Ərbəində gördüyümüz eşqmərkəzli həyat tərzini xalqımız bu müharibədə göstərdi. Eyni zamanda şəhidlər sülhün təminatçılarıdır - ölümdən qorxmayan gəncliyi olan xalqın torpaqlarına heç kim təcavüz etməyə cürət edə bilməz.
Həyata sevgi mövzusuna toxunan ilahiyyatçının sözlərinə görə, insanın əbədi var olması ən böyük səadətdir. Bu səbəbdən nəyisə itirmək qorxusu insana qəm yaşadır. Şəhidlər əbədi həyata qovuşmaqla əbədiyyata qovuşur, bizlər isə belə insanlardan ayrıldığımız üçün kədərlənirik. Şəhidlər həyatı sevə-sevə yaşayır, həyatı dəyərləndirir deyə bu uca zirvəyə yüksəlirlər.
Şəhidlər qədər onların ailələri də, bütün əsgərlər də dəyərlidirlər və onlara ehtiram etmək şəhidlərin yolunu yaşatmaq anlamına gəlir. Şəhid ailələrinə başsağlığı ilə yanaşı təbrik fə düşür. Onlar hır iki dünyada başı uca, Allahın sevilib-seçilmiş bəndələridir.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir. Daha öncə ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Masallı, Lənkəran, Lerik və Siyəzənə səfər edib.
hacishahin.az