İlahiyyatçı Hacı Şahin Həsənlinin şəhid ailələrinin ziyarəti və onların anım mərasiminə qatılmaq məqsədilə bölgələrə səfəri davam edir. İlahiyyatçı bu gün Lənkərana səfər edib.
Şəhidi yad etmək üçün toplananlar qarşısında çıxış edən Hacı Şahin Həsənli bildirib ki, insanın ölümü onun şəxsiyyətini müəyyən edir. Quran buyurur ki, seçilmiş olduğunuzu iddia edirsinizsə, ölüm istəyin. Ölüm istəmək bəyənilmir, çünki dünya həyatı Allaha yaxınlaşmaq fürsətidir. Lakin şəhadət arzulamaq istisnadır, çünki bu ən böyük səadət, dolğun həyatdır. Şəhidin arzularından biri odur ki, yaxınları onun necə gözəl halda olmasını bilsinlər.
Şəhadət pak həyatın mükafatıdır həm də. Quran möminin xüsusiyyəti olaraq qeybə inamı qeyd edir. İbadətlər də bizə qeyb aləmini, mənəviyyatı xatırladır, bizi maddi bağlılıqlardan qoparır. Şeytan mənəvi aləmin varlığını, mənəvi qanunları unutdurur, peyğəmbərlər isə xatırladır. Şəhid bütün varlığını Allaha fəda edir, qeybə inamını sübut edir və yenə də özünü əliboş, heç bir iş görməmiş hesab edir. Bununla da müqəddəslik tapır, cəmiyyətin mənəvi fəzasını müsbətə dəyişirlər. Bizim də öhdəmizə düşən onların yolunu davam etdirmək, uğrunda fəda olduqları mənəvi dəyərlərə sədaqət göstərməkdir.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir. Daha öncə ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Lənkəran, Lerik, Masallı, Neftçala və Siyəzənə səfər edib.
hacishahin.az