XƏBƏRLƏR

"Qəhrəmanların adından biznes məqsədilə istifadə etmək yolverilməzdir"

01 Dekabr 2020 597

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də qəhrəman əsgərlərimizin adları dilimizdə, dualarımızda oldu. Vətənimizin keşiyində duran topçu əsgərimizi yəqin ki, hər kəs xatırlayır. Qürurla, mərdcəsinə düşmənlə üz-üz dayanan, ermənilərin başına mərmilər yağdıran igidimiz Vüsal Şahkərimov. Hər kəsin hörmət etdiyi, adının, o məğrur fotosunun yaşadılması üçün təkliflər irəli sürülən, Vətən müharibəsinin, qələbəmizin simvoluna çevrilən, şanlı tariximizə adı yazılan igidimizin fotosunun arağın üzərini bəzəməsi isə cəmiyyətdə tənqidlə qarşılanıb. “AZGRANATA” MMC tərəfindən “Topçu” adlı arağın istehsalı ictimaiyyəti qəzəbləndirib.

Azərbaycan cəmiyyətinin din adamları, ilahiyyatçılar da müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasını yolverilməz hesab edirlər.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli publika.az-a bildirib ki, əsgər Azərbaycan üçün bir dəyərdir və bu dəyərdən də bu şəkildə istifadə edilməsi düzgün deyil: “İnsanlar o əsgərlərə qəhrəman vətən keşikçiləri kimi baxır. Ümumiyyətlə, istənilən biznes maraqları olan bir yerə o kimi fotoların vurulması və o qəhrəmanların adından istifadə edilməsi yolverilməzdir. Bu, həm də mənəvi dəyərlərimizə olan hörmətsizlikdir”.

 

hacishahin.az