XƏBƏRLƏR

Hacı Şahin Həsənli Kürdəmirdə şəhidlərin anım mərasiminə qatıldı

09 Dekabr 2020 642

İlahiyyatçı Hacı Şahin Həsənlinin şəhid ailələrinin ziyarəti və onların anım mərasiminə qatılmaq məqsədilə bölgələrə səfəri davam edir. İlahiyyatçı bu gün növbəti dəfə Kürdəmirə səfər edib.

 

İlahiyyatçının sözlərinə görə, hədislər bizə üç məqama diqqət etməyi tövsiyə edir: öz əməlini böyütməmək; öz günahını kiçimsəməmək; heç kəsə yuxarıdan baxmamaq, çünki Allah Öz dostlarını xalqın içində gizlədib. Vətən müharibəsi xalqın içində gizli qalan pak insanları üzə çıxardı. Şəhidlər bu səbəbdən öz çevrələrində sevilib-seçilən insanlar idi. Alimlərdən biri "şəhidliyə layiq olmaqdan daha çətini şəhidin yolunu yaşatmaqdır" deyib. Bizim də öhdəmizə düşən onların amallarını yaşatmaqdır.

  

Peyğəmbərimiz (s) "İlahi, hər şeyi olduğu kimi görməyi nəsibim et" deyə dua edərdi. Bu obyektiv baxışa, reallıq hissinə malik olmaq üçün edilən duadır. Bəzən bizim fikirlər obyektiv baxışdan deyil, qısamüddətli mənafeimizdən yaranır. Məsələn, əbədi həyatı önəmsəməyib dünya həyatına layiq olduğundan artıq dəyər veririk. Yaxud, insan dostunu düşmən, düşmənini dost bilə bilər. Quranda Allah bizim diri bildiklərimizi ölü, ölü bildiklərimizi diri elan edir. Baxışlarımız düzgün olsa şəhidlərimizi diri bilərik. Onların ölümsüzlüyü xatirələrdə yaşamaq anlamına gəlmir, bu birbaşa mənada ölümsüzlük və dirilikdir. Bunu onların yas mərasimlərindəki mənəvi fəzadan da hiss etmək olar.

 

Allahla insan arasında ən böyük maneə insanın özüdür. Bu maneəni aşmağın yolu  başqalarına təmənnasız xidmətdən keçir. İlahi övliyalar kimi şəhidlər də bu yolla gediblər: qarşılıq güdmədən canlarını insanlığa fəda ediblər.

  

Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir.  Bakı və Abşeronda keçirilın mərasimlərlə yanaşı, ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Lerik, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Siyəzən və Sumqayıta səfər edib.

 

 

 

hacishahin.az