XƏBƏRLƏR

Hacı Şahin Həsənli Qəbələdə şəhidləri andı

20 Dekabr 2020 930


Dekabrın 20-si ilahiyyatçı Hacı Şahin Həsənli şəhidlərin anım mərasiminə qatılmaq üçün Qəbələyə səfər edib.


Şəhid ailəsi və yaxınları qarşısında çıxış edən ilabiyyatçı biıdirib ki, Azərbaycan ordusu tariximizin ən parlaq səhifəsini yazıb:  "Bu qələbəni bizə qazandıran hərbçilərimizin şücaəti və mənəviyyatı oldu. Şəhidlər xalqımızın heysiyyatını, qürurunu qaytardı. Onlar bəzilərinin gerçəkləşməz sandığı arzuları həyata keçirdilər. Bu səbəbdən biz şəhidlərimizə borcluyuq və onların qarşısında baş əyirik.


Quran buyurur ki, Allah peyğəmbəri şahid, müjdəçi, qorxudan, Allaha tərəf çağıran və parlaq çıraq kimi göndərib. Şahid dedikdə, peyğəmbərlərin aləmləri, həqiqətləri müşahidə etməsi nəzərdə tutulur. Müjdə və qorxutma isə, əməllərimizə görə cavabdeh olduğumuza aiddir. Biz Böyük Allahla görüşə hazırlaşmallyıq, ruhən böyüməliyik ki, Yaradanla görüşə tutumumuz olsun. Dünya müvəqqəti və qəmli yerdir. Ən xoş gündə belə, xoş anın müvəqqətiliyi qəm gətirir bizə. Biz təbii olaraq sonsuzluq, əbədilik arzusundayıq, itirmək və üzülmək istəmirik. Ona görə Cənnət qapıları üzərində "daxil olun əbədi qalmaq üçün" yazılıb.


Peyğəmbərin (s) növbəti missiyası Allaha tərəf çağıran və parlaq çıraq olmaqdır. O, insanların xoşbəxtliyi və Allaha yaxınlığı üçün şam kimi yanıb əriyirdi. Həm işıq saçırdı, həm də özünü fəda edirdi. Bu baxımdan şəhidlər və əsgərlərimiz peyğəmbərlərlə müqayisə oluna bilər. Şəhidlik istər-istəməz insanlıq üçün fundamental mövzuları gündəmə gətirir.  Şəhidlər, səssizcə hamıya Allahı xatırladır. Onlar danışmır, pafoslu çıxış etmir, canınl fəda etməklə lazım olanı demiş və göstərmiş olur.


Şəhid valideyinləri bəxtəvər insanlardı. Onlar üçün övlad itirmək çətindir, amma ilahi baxışdan baxdıqda - övladları ən uca zirvədədirlər. Şəhid ailələrinə adətən təbrik deyərlər, çünki bu böyük səadətdir ailə üçün. Bir gün bu dünyadan köçdükdə, hər kəs şəhidə bağlı olmaq istəyəcək. Şəhidin bir neçə arzusu var ki, onlardan biri də yaxınlarına necə xoşbəxt olduğunu çatdırmaq, cənnəti onlarla paylaşmaqdır. Digər arzusu da yenidən şəhid olmaq, Allaha qovuşmaq şirinliyini yaşamaqdır. Allah üçün şəhidlər o qədər əzizdir ki, onlara "ölü" deməyə icazə vermir, onları "bizdən daha diri" adlandırır. Şəhidlik gözəl, zövqlü və dəyərli həyatın nəticəsidir, həyatı dəyərləndirməyən kəsə qismət olmur. Ona görə də belə insanları tərbiyə edən valideyinlərin dəyəri heç də şəhidlərdən az deyil".


Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir.  Bakı və Abşeronda keçirilın mərasimlərlə yanaşı, ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, İmişli, Kürdəmir, Lerik, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Siyəzən və Sumqayıta səfər edib.




hacishahin.az