Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli şəhidləri anmaq və ailələrini ziyarət etmək üçün Masallı rayonuna səfər edib.
Şəhidin yaxınları qarşısında çıxış edən ilahiyyatçı şəhidliyin fəlsəfəsi haqda danışlb:
"Quran bizə belə dua etməyi öyrədir: "İlahi, bizi nemət verilmiş şəxslərin yoluna yönəlt". Şəhidlər də nemət verilmiş, insanlığın uca zirvəsinə çatmış şəxslərdir. Bu səbəbdən onlatı tanımalıyıq ki, yollarını gedə bilək. Quran ayələrində imanla saleh əməl ifadələri yanaşı istifadə olunur. Çünki, iman özünü əməldə göstərir. Dəyərlərə bağlı olmayan şəxslər dəyərlərdən danışarkən, dəyərlərin özü şübhə altına alınır. İmam Hüseyn (ə) buyurur ki, din çoxlarının dilindədir, məşğuliyyətdir, lakin imtahan anında həmin kəslərin dinsizliyi bəlli olur. Peyğəmbərimiz (s) buyururdu ki, insanları dəvət etdiyi işlərə ilk növbədə özü əməl edirdi, sonra başqalarına deyirdi. Bu səbəbdən onun məktəbi əsrlərlə yaşayır, onun sevgisi qəlblərə nüfuz edir.
Saleh əməlin ilk şərti ixlas, səmimi niyyətdir. Yəni Allah rizası üçün görülən iş. Digər şərt isə əməlin yerində görülməsidir. Yəni vaxtından tez və ya gec olmamalıdır. Bizim şəhidlər də ona görə qəhrəmandır ki, dəyərləri dilində deyil, əməlində təsdiqləyir.
Şəhid ailələrinə təsəlli verilmir. Bəli, övlad itkisi ağırdır, amma onlar bilirlər övladları haradadır. Şəhid də məhz öz yerini, xoşbəxtliyini yaxınlarına göstərmək üçün dünyaya qayıtmaq istərdi. Şəhid cənnətini belə bölüşmək istəyir, bu qədər böyük qəlbə malikdir.
Quran şəhidlər haqda iki ifadə işlədir: onları ölü adlandırmayın və onları ölü sanmayın. Yəni onlar diridirlər və ən böyük nemətlər içindədir. Şəhidlərin dünyaya qayıtmaq istəyinin ikinci səbəbi budur: istəyirlər Allaha qovuşmaq anının ləzzətini bir daha yaşasınlar.
Şəhidlər qədər qazilərimiz, yəni müharibə iştirakçıları da əzizdir. Cənnətin xüsusi qapısı var, adı "mücahidlər qapısıdır". Çünki, onlar xalq üçün canlarını təhlükəyə atıb, və bununla da hamımızın boynuna haqq qoyublar. Şəhidlərin qanı və qazilərin zəhməti hədər olmur, mütləq cəmiyyətin maddi və mənəvi rifahına ciddi təsir edir, bunu Quran vəd edir.
Bu söhbətlər ölüm deyil, həyat haqdadır. Çünki şəhidlər hamıdan çox layiqdir yaşamağa, hamıdan daha çox həyat eşqi ilə yaşayıb. Onların səadətli şəhadəti səadətli həyatın nəticəsidir".
Qeyd edək ki, Hacı Şahin Həsənlinin şəhid ailələrini ziyarət etmək məqsədilə bölgələrə səfəri davam edir. Bakı və Abşeronda keçirilən mərasimlərlə yanaşı, ilahiyyatçı Ağcabədi, Ağsu, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay, Qəbələ, İmişli, Kürdəmir, Lerik, Lənkəran, Neftçala, Sabirabad, Siyəzən və Sumqayıta səfər edib.
hacishahin.az
Hacı Şahin Həsənli Masallıda şəhidin anım mərasiminə qatıldı
07 Yanvar 2021
900