XƏBƏRLƏR

"Problemin kökü kəskin seçimdədir" - ailə zorakılığı haqda

22 Fevral 2021 766

"Qadınlara qarşı zorakılıq və ayrıseçkilik mövzusunda ictimai müzakirələr səngimir. Sanki kimlərsə cəmiyyətimizdə süni şəkildə qütbləşmə yaratmağa çalışır, insanları radikal və kəskin seçim qarşısında qoyurlar".


Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli son günlər gündəmdə olan mövzu ilə bağlı yazıb. Onun sözlərinə görə, adət-ənənə müasirliyə, milli mentalitet açıq düşüncəyə, əxlaq hüquqa, ailə azadlığa qarşı qoyulur:


"Nə üçün müzakirələr belə kəskin seçim müstəvisində aparılır? Sanki Azərbaycan qadını ona “ xoşbəxt” olmağa mane olan mentalitetdən imtina etmək istəyir, amma arzusunu dilə gətirməyə çəkinir. Ancaq bəzi “şücaətli” qadınlar feminizm şüarı ilə ayağa qalxıb digərlərinin dilə gətirməyə qorxduğu “ həqiqətləri” ifadə etməklə  “məzlum” Azərbaycan qadınına nicat vermək missiyasını icra edirlər. Özü də ailə zorakılığı üzrə "dünya liderləri" bizə nümunə kimi göstərilir, statistik məlumatlar ətrafında spekulyasiya olunur, "bizdə hər şey pisdir, orada isə yaxşıdır" deyə, natamamlıq kompleksi aşılanır. Reallıq isə qətiyyən belə deyil. Reallıq budur ki, Azərbaycanda qadına qarşı zorakılıq mövzusu həddindən artıq şişirdilib. Süni şəkildə formalaşdırılan ictimai rəydən azad olub real vəziyyətə baxsaq, buna əmin ola bilərik.



Bəli, cəmiyyətimizdə bu sahədə problemlər var və onlar həll olunmalıdır. Amma problemin kökü məhz daim kəskin seçim qarşısında qoyulmağımızdır. Qadın ya azad olmalıdır ya ailəli, ya xoşbəxt olmalıdır ya namuslu, ya əxlaqlı olmalıdır ya hüququnu tələb edən. Bütün bunları, bir çox hüquqi və sosial rifah ölkələrindən fərqli olaraq, mənəvi dəyərlərimiz kifayət qədər uğurla uzlaşdırır. Çünki istənilən zorakılığın qarşısını almaq üçün ilk öncə özünü və hamını ilahi bir varlıq kimi görməyi bacarmalısan. Qadınları Allahın əmanəti hesab edən dinimiz də məsələyə məhz ilahi yaradılış prizmasından yanaşır.

 


Dəfələrlə qeyd etmişəm ki, mentalitetimizin inkişafımıza mane olan hansısa elementindən imtina etməyi nəinki normal, hətta vacib hesab edirəm. Mentalitet toxunulmaz deyil və təftiş oluna bilər. Amma düşünürəm ki, mövzunun bu dərəcədə mentalitetlə əlaqələndirilməsi qərəzdən başqa bir şey deyil. “Ya dəyərləri seçməliyik, ya da inkişaf və xoşbəxtliyi,”- kimi fikirlərin heç bir məntiqi əsası yoxdur. Dəyərlər əgər həqiqətən dəyərdirsə , mütərəqqi olan heç bir şeyə mane ola bilməzlər. Ailə dəyərləri real həyatla əlaqəsi olmayan mücərrəd anlayışlar deyil. İnkişafın unikal və alternativsiz yolu bu dəyərləri praktiki həyata tətbiq etməkdədir".



hacishahin.az