İlahiyyatçı Hacı Şahin Həsənli Həzrət Əlinin (ə) mövlud günü münasibətilə təbrik paylaşıb:
Uşaq psixoloqları maraqlı bir müşahidə aparıblar: uşaqlar karların əhatəsində səssiz, eşidənlərin əhatəsində isə səsli oynayırlar. Eşidilmək istəyi fundamentaldır deyə, onu eşidə bilənlərin yanında uşaq "gərəkli-gərəksiz" səsli oynamağa çalışır. Biz böyüsək də, uşaq fitrətimiz itmir - eşidilmək istəyirik. İstəyirik ki, var olduğumuz haqda haray çəkək, "mən varam!" deyə sevincimizi bölüşək. İndividualizmin hökm sürdüyü, "özün üçün yaşa!" təlqin olunduğu bir zamanda hamının bir birinə biganə qalması, bir birinə qarşı kar olması, eşidilə bilməməsi ən böyük faciələrdəndir insan üçün. Nə özünün varlığı başqalarına, nə də başqalarının varlığı özünə maraqlı gəlir artıq.
Bu gün elə bir şəxs dünyaya gəlib ki, onun varlığı dünyanı sevincə bürüməlidir. Biganəliyə, karlığa qarşı fədakarlığı ilə üsyan edən bir sərvər. Eşidilməmək, ürəyini yalnız quyulara boşaltmaq bahasına olsa belə, insanlıq naminə bütün varlığı ilə çarpışan bir imam. Onu sevimli edən, sevgisini ləzzətbəxş edən, adını qəlblərə həkk etdirən onun insanlıq sevdasıdır. Zamanında onu eşitmədilər, amma zamanımızda onu eşitməyə necə ehtiyaclı olduğumuzu anlamağa başlayırıq. Bizi eşidir, varlıq sevincimizə şərik olur deyə, uşaqtək onun yanında səs-küylə yaşamaq istədiyimiz Əlinin (ə) mövlududur bu gün.
Bayramınız mübarək!
hacishahin.az