XƏBƏRLƏR

Cəlilabadda şəhid müəllim anıldı

06 Mart 2021 1003

Martın 6-sı ilahiyyatçı Hacı Şahin Həsənli şəhid müəllim Orxan Paşazadənin anım mərasiminə qatılmaq üçün Cəlilabad rayonuna səfər edib.


Mərasimdə çıxış edən ilahiyyatçı bildirib ki, şəhidləri anarkən insan özü haqda düşünür:

"Qurani-Kərim insan haqda çox uca və çox mənfi sözlər işlədir. İnsan yeganə varlıqdır ki, Allah onu Öz xəlifəsi, yəni təmsilçisi adlandırır. Başqa bir ayədə isə, "onlar dördayaqlı kimidir, bəlkə ondan da aşağıdır" deyir. Bu ondan xəbər verir ki, insanın ucalması və tənəzzül etməsi üçün sərhəd yoxdur. İnsan bu iki yoldan birini seçməkdə azaddır, öz taleyinə görə məsuliyyət daşıyır. İnsan özü ilə mübarizə aparmağı, özünə "yox" deməyi bacarır. Bu mübarizə sayəsində o, öz insanlığını dərk edir, insanlığından həzz alır.


Peyğəmbərlər insana öz qiymətini başa salamaq üçün gəlir. Allah insanın dəyərini qaldırır, insan öz dəyərini salır. "Dünya həyatınamı razı oldunuz?" sual verən Quran, insanın daha böyük dəyərə malik olduğunu bildirir. Peyğəmbərlər bu xoş xəbəri gətirir, insana sevgidən yarandığını, sevildiyini xəbər verir. Xəbər verirlər ki, mənəviyyatlı adam dünyadan da daha çox ləzzət alır, nəinki dünyapərəst. Din demir ki, dünyadan faydalanma, deyir dünyaya bağlanma. Çünki ötəri, sonu olan bir şey insanı xoşbəxt edə bilməz.


İnsanı həmişə qəmlə şadlıq birgə müşaiyət edir. Hər nə onu şad etsə də, itirmək qorxusu qəm gətirir. Ona görə, cənnətin qapısında "daxil olun əbədi qalmaq üçün" yazılıb. Yəni burada itki yoxdur. Şəhid bizə bu fəlsəfəni aşılayır. O, bizə insanlıq zirvəsini göstərir, özü də xoşbəxtliyin zirvəsinə çatır. Heç bir şəhid qərib can vermir, İmam Hüseyn (ə) ağuşunda köçürlər. Bu müharibə Kərbəla yolunun davamı idi. Ona görə, şəhidin yaxınlarına adətən gözaydınlığı verirlər".


Daha sonra Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov növhə oxuyaraq Kərbəla və Azərbaycan şəhidlərini anıb.


Mərasim şəhidlərin ruhu, xalqımızın rifahı və bayrağımızın ucalığı üçün dualarla bitib.



hacishahin.az