XƏBƏRLƏR

"Məbəs bəşər tarixində "əvvəl və sonra"nı müəyyən edir"

10 Mart 2021 1054

Məbəs bayramı münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə təbrik paylaşıb:

 

"Sonuncu Peyğəmbərin (s) ilk vəhy aldığı gün - Məbəs bayramıdır.

 

Peyğəmbərliyin sona çatmasının anlamı budur ki, insanlıq mənəvi yetkinliyə hazırdır. İnsanlığın ağlı vəhylə vəhdətə girəcək qədər inkişaf edib. İnsan tarixi məsuliyyət daşımaq əzmindədir. Bu baxımdan Məbəs, mənəvi yetkinlik, əqli inkişaf və tarixi məsuliyyəti tərənnüm edir. Yəni İnsanın fövqəlinsana keçidinin başlanğıcını.

 

Məbəs bəşər tarixində "əvvəl və sonra"nı müəyyən edən nöqtədir. Tarix Məbəsə qədər və Məbəsdən sonraya bölünür. Öncəki bəşəriyyətin əsas missiyası Məbəs hadisəsinə hazırlıq olub. Bu baxımdan Məbəs, tarixi vahid bir proses, insanlığı vahid bir ailə kimi dərk etmək deməkdir. Məbəsə qədər insanlığın mifik qatı, arxetiplər formalaşır. Ona görə Qurani-Kərim bu dönəmi tarix kimi deyil, tarixin fövqündə duran, haradasa abstrakt görünən qissələr şəklində nəql edir. Məbəsdən sonra insanlığın şüur, idrak dövrü başlayır. Ona görə də bu dönəm konkret tarixi hadisələr, real həyat şəklində cilvələnir. Sanki insanın unutduğu, lakin təhtəlşüurunda qeyd etdiyi həyat dövrü ilə, dərk etdiyi həyat dövrü kimi.

 

Bu prosesin məntiqi sonluğu da var. İnsanlığa ümid bəxş edən bir sonluq. Ona görə də Məbəs həm də gələcəyə möhkəm ümid və inam, həyata nikbin baxışdır. Ən böyük ümid və inamın doğrulması arzusu ilə Məbəs bayramınız mübarək!"

 

 

hacishahin.az