XƏBƏRLƏR

Qarşıdan tarixin gedişatını dəyişən üç Kərbəla qəhrəmanının mövludu gəlir"

16 Mart 2021 653

İlahiyyatçı Hacı Şahin Həsənli İmam Hüseyn (ə), Həzrət Əbəlfəzl (ə) və İmam Səccadın (ə) mövlud günləri ilə bağlı təbrik paylaşıb. Təbrikdə deyilir:

  

"Qarşıdan tarixin gedişatını dəyişən üç Kərbəla qəhrəmanının mövludu gəlir. Kərbəla sadəcə tarixi hadisə deyil, zaman və məkan çərçivələrini aşmış bir ictimai düzəndir. Bu düzəni insan fədaisi olan ilahi övliya və ilahi övliya fədaisi olan insan formalaşdırıb. Biri İmam Hüseyn (ə), digəri Həzrət Əbülfəzl Abbas (ə). Üçüncü isə, Kərbəla hadisəsini yaşadan, bununla da gələcək nəsillərə Kərbəla örnəyini təqdim edən, keçmişlə gələcək arasında körpü yaradan İmam Səccad (ə). Beləliklə, bu üç mövlud üç qəhrəman, üç fədakar insan ideyasını və onların qurduğu Kərbəla dünyasını tərənnüm edir. Kərbəlada, kiçik bir xeyməgahda qurulan eşqmərkəzli düzənin ətri ildən ilə dünyamızı bürüyür, möcüzələr yaradır və ümid verir... Ümid verir ki, İmam Hüseynin (ə) və Həzrət Əbülfəzlin (ə) Kərbəlada başladığı, İmam Səccadın (ə) gələcək üçün qoruduğu tarixi proses tezliklə öz hədəfinə çatacaq. Hər bir dəyərinin əsasını mənfəət təşkil edən müasir dünyanın, fərqli paradiqmaya söykənən Kərbəla örnəyinə ciddi ehtiyacı var.

 

 Şəhidlər sərvərinin doğum günündə vətən uğrunda canını fəda etmiş əziz şəhidlərimizin müqəddəs ruhları önündə baş əyir, onlara bir daha Allahdan rəhmət diləyirəm.

  

Bayramınız mübarək!"

 

 

hacishahin.az