“Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi “Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirib. ZOOM Proqramı vasitəsi ilə baş tutan tədbirdə millət vəkilləri ilə yanaşı ilahiyyatçı Hacı Şahin, Xocalı İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev və digər rəsmi şəxslər iştirak edib.
Trend xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədr müavini Ayşən Fəxrəddinqızı təmsil etdiyi təşkilatın soyqırım həqiqətlərinin tanıdılması istiqamətində iş apardığını qeyd edib. Bildirib ki, təşkilat ötən illərdə Macarıstanda, eləcədə bir sıra Avropa ölkələrində silsilə tədbirlər həyata keçirib. Onun sözlərinə görə, “Ermənilərin 31 mart milli-ideoloji terroru” tədbirin məqsədi 31 mart soyqırımlarına yenidən nəzər salmaq, soyqırımların beynəlxalq arenada tanıdılması istiqamətində hökumətimizin apardığı siyasətə dəstək olmaqdan ibarətdir.
31 mart soyqırımı barəsində danışan A.Fəxrəddinqızı qeyd edib ki, bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir: “Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.
Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanını ruslar Azərbaycanın genosid konsepsiyası kimi qəbul edib. Bu Fərman daxilə hesablanmış sənəd deyildi. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırımı ilə xaricdən özümüzə maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya çatdırmağa çalışırıq. Məşhur fransız diplomatı Lores deyir: “Danışmaq lazımdır ki, həqiqət açılsın”.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub”.
Tədbirdə təşkilat tərəfindən31 mart soyqırımıza həsr olunan qısa metrojlı film nümayiş olunub.
AMEA-nın müxbir üzvü, Professor Musa Qasımlı soyqırım tarixi və baş vermə səbəbləri barəsində ətraflı məlumat verib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Professor Hicran Hüseynova -Soyqırımlar zamanı qadın və uşaq hüquqlarının pozulması, Beynəlxalq konvensiyaların bu yöndə hüquqi bazası və qadın və uşaq hüquqlarının pozulması ilə bağlı işğalçı ölkəyə qarşı qaldıra biləcəyimiz iddialar mövzusunda çıxış edib.
İlahiyyatçı, din xadimi Hacı Şahin 31 mart sıyqırımı zamanı Quran kitablarının yandırılması, dini obyektlərə vurulan zərər mövzusunda tədbir iştirakçılarına məlumat verib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu-31 mart soyqırımının milli-ideoloji təsirləri mövzusunda danışıb.
Milli Məclisin deputatı Arzu Nağıyev-31 mart soyqırımı zamanı qəzet arxivlərinin yandırlması, düşmənin bu siyasətinin pərdə arxası məqamlarına toxunub.
Milli Məclisin deputatı Cavanşir Feyziyev-31 Mart soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən danışıb.
Milli Məclisin deputatı Əminə Ağazadə- 31 mart soyqırımının hüquqi əsasları, milli və beynəlxalq qanunvericilikdə soyqırımın hüquqi təmzimlənməsi mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
trend.az