"Şaban ayının 15-ci gecəsini müsəlmanlar Bəraət gecəsini oyaq qalır, Allahla raz-niyazda keçirirlər. Gün çıxdıqdan sonra isə Həzrət Mehdinin (ə) mövludu qeyd olunur. Maraqlı bir rəmz var bu ayində: xilasverici səhərin açılmasını arzulayırsansa, gecə qaranlığında ayıq olmağı bacarmalısan".
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Mehdinin (ə) mövludu münasibətilə paylaşdığı təbrikdə yazıb. Onun sözlərinə görə, gecənin sonu günün doğması ilə başa çatar, amma gecənin nə qədər çəkəcəyi insanın ayıqlığından asılıdır:
"Bəraət "təmizlənmə, arınma, çirkdən ayrılma" anlamına gəlir. Yalnız gecənin vahimə və qaranlığına uymayan, gözünü yumub özünü yuxuluğa vurmayan, səhərin ümidi ilə ayıqlığını qoruyan insan özünü təmizləyir, izafi kimliklərdən ayrılır, yəni ÖZÜ olur. Səhər də özünü tapanların üzünə açılır.
Bir ildən çox davam edən pandemiya fonunda insanlıq özünəqayıdış imkanı əldə etdi. Bütün sünilik və saxtalıqlardan azad olub, həqiqi kimliyini kəşf etmək imkanı. Ümid edirəm ki, saxta kimliklətin əsarəti altında dərin yuxuya getmiş insanlıq bu fürsəti əldən verməyəcək. Qəflət yuxusundan oyanmağımız dünyamızın qərq olduğu zülmət gecəni tezliklə işıqlı səhərlə əvəz edəcək. Bayramınız mübarək!"
hacishahin.az
"Səhərin açılması gecənin oyaqlığından asılıdır" - Təbrik
28 Mart 2021
874