Martın 31-i ilahiyyatçı Hacı Şahin Həsənli İmişli rayonunda şəhid ailələrini ziyarət edib.
Şəhid Əli Quliyev, Əmral Xəmmədov, Orxan Şirinov, Həmdulla Abdullayev, Elgün Həsənov, Nazim Hüseynov, Nemət Cavadov və Osman Cəfərin valideyinləri ilə görüşən ilahiyyatçı bildirib ki, şəhid ailəsinə adətən təbrik deyərlər. Çünki Allah hər kəsdən qurban qəbul etmir, şəhid ailəsi isə bu şərəfə nail olub. Allah övliyalarınln ən böyük arzusu məhz şəhidlik olub.
Şəhid insanlarda yaradılışın hədəfi haqda sual yaradır və qanı ilə bütün suallara cavab verir, ona görə də onlardan sorğu-sual olunmaz: "Allah şəhidləri diri adlandırır, onlar ölü deyillər. Valideyinlər qısa müddət övladlarından ayrı düşməyinə qəmlənsələr də, övladları ilə birlikdə əbədi səadətə qovuşacaqlar".
"Şəhidlərin xalq yolunda şam kimi əriyərək ölümsüzlük əldə edirlər. Onlar qanı ilə xalqımıza tapdanmış heysiyyatını qaytarıb, dəyərləri dirçəldib. Şəhid valideyinləri bu səbəbdən həm Allah, həm xalq qarşısında üzü ağdırlar. Onlar adlarını Azərbaycanın şanlı tarixinə yazıblar. Bu gün də vətənin müstəqilliyinin keşiyində durmaq, şəhid ailələrinə ehtiram göstərmək, şəhidlərin yolunu getmək anlamına gəlir", - ilahiyyatçı deyib.
Hacı Şahin Həsənli bildirib ki, insan Allahı yad etmək üçün yaranıb. Şəhid evi də Allahı yada salan ocaqdır, şəhid özü isə Allahı yada salan nişanə. Bu səbəbdən şəhid ailələrini ziyarət etmək ibadətdir. Bizim şəhidlər İmam Hüseynin (ə) karvanına könüllü olaraq qoşulub ən uca zirvələrə yönəlirlər.
Öz növbəsində şəhid ailələri böyük qurbanlarından şərəf duyduqlarını, Allaha şükr etdiklərini bildirib, Hacı Şahin Həsənliyə ziyarətə görə təşəkkür ediblər. Onlar öz övladlar, xüsusilə döyüş zamanı göstərdikləri igidlik haqda xatirələri bölüşüb, onların dəyərli həyat yaşadıqlarını bildiriblər. Rayon ziyalıları da ordumuzun şanlı qələbəsi, əsgərimizin qəhrəmanlığı haqda geniş söz açıblar. Eyni zamanda şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Görüş zamanı şəhidlərin ruhu, qazilərimizin tezliklə tapması, xalqımızın rifahı üçün dualar oxunub. Seyid Peyman Əsədov şəhidlərimizə ithaf olunmuş növhə və mərsiyələr ifa edib.
Qeyd edək ki, şəhidlərin məzarı da ziyarət olunub.
hacishahin.az