Keçən il olduğu kimi, bu ildə Ramazan ayı pandemiya dövrünə təsadüf edir, eyni zamanda, ölkə vətəndaşları arasında koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Hamını düşündürən bir sual var. Koronavirusa qarşı peyvənd tutduğumuz orucu pozacaq, ya yox?
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Şahin Həsənli AZƏRTAC-a açıqlamasında bildirib.
Orucu yalnız qidanı əvəz edən iynələrin poza biləcəyini qeyd edən QMİ-nin nümayəndəsi deyib: “Hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. Ötən ay COVID-19 əleyhinə vaksinin birinci dozasını vurduranda mən özüm də oruc idim. Səhhətimdə heç bir problem müşahidə edilmədi və mənfi təsir olmadı. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur”.
Qeyd edək ki, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13-14-ü ölkədə Ramazan bayramının qeyd olunacağı gözlənilir.
azertag.az