"Respublika gününün cəmiyyətimiz üçün əhəmiyyəti yalnız keçmişdəki bir hadisəni unutmamaqdan ibarət deyil. Xalqımız tarix boyu çox dövlətlər qurub, böyük hadisələrin müəllifi olub, lakin onların içində məhz Cümhuriyyətin yaranmasını xüsusi qeyd edirik. Belə demək olarsa, tariximiz cümhuriyyətə qədər və sonraya bölünür".
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Respublika günü ilə bağlı təbrikində yazıb. Onun sözlərinə görə, məhz o zaman xalqımız tarixi seçim qarşısında tarixi bir addım atdı - hakimiyyətin təşkilini xalq öz üzərinə götürdü:
"Xalq öz müqəddəratına görə məsuliyyəti üzərinə götürdü. Təbii ki, azadlıq və istiqlaliyyət məsuliyyətini daşımaq üçün cəmiyyət mənən yetkin olmalı, birlik və tərəqqi əzmini nümayiş etdirməlidir. Məhz bu üç prinsip də bayrağımızda öz əksini tapdı. Məhz bu üç prinsip əsasında biz sovet imperializminə qarşı çıxdıq. Məhz bu üç prinsip əsasında biz işğalçıları torpaqlarımızdan qovduq və vətənimizin ərazi bütövlüyünü bərpa etdik. Bu üç prinsipi tərənnüm edən bayrağımız yenidən Şuşada dalğalanır. Biz özümüz olduq, öz yolumuzu tutduq, kimisə yamsılamaq, kiməsə bənzəmək istəmədik. Ona görə də, Allah bizi qələbə neməti ilə şərəfləndirib. Qələbəmiz daimi olsun! Bayramınız mübarək olsun!"
hacishahin.az