XƏBƏRLƏR

İbadət yerləri ilə bağlı bu məhdudiyyət götürüldü

10 İyun 2021 539

Operativ Qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub.


“Qafqazinfo”ya bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib:

 

“Operativ Qərargahla məsləhətləşmələr aparıldıqdan sonra uşaqlarla bağlı 14 yaş məhdudiyyəti götürülüb. Daha azyaşlı uşaqların məscidlərə gəlməməsi məsləhət görülüb. Qalan digər məhdudiyyətlər olduğu kimi qalır”.

 

Məsələ ilə bağlı Hacı Şahin Həsənli də sosial şəbəkədə məlumat paylaşıb.

 

“Operativ Qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma baş verdi. İnşallah yoluxma sayında müsbət dinamika davam etdikcə, digər məhdudiyyətlər də tədricən götürülər”, - deyə Hacı Şahin qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən, məscid və ya digər ibadət yerlərinə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslərin, habelə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmirdi.

 

Qüvvədə olan digər qaydalara əsasən məscid və ya digər ibadət yerlərini aşağıdakı hallarda ziyarət etmək mümkündür:

 

  • Dini ayinlərin icrasında yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin iştirakına icazə verilir.
  • İbadət etmək istəyən şəxslər məscidə namaz və ya müvafiq ibadət icra olunan zaman gəlməli və onlar başa çatan kimi ərazini tərk etməlidirlər.
  • Maska taxmaq, məsafə gözləmək kimi qaydalara da riayət olunmalıdır.
  • Dini ibadətlər eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə təşkil edilməlidir.
  • Məsciddə və digər ibadət yerlərindəki tələblərin icrasına imamlar, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri nəzarət etməlidirlər.

 

qafqazinfo.az