Beynəlxalq PEW araşdırmalar mərkəzinin “Ən dindar olmayan ölkələr” kateqoriyası üzrə növbəti hesabatında (Gallup-un sorğusuna istinadən) Azərbaycan əhalisinin 64%-ni “dinsiz” elan etməsi bu istiqamətdə müzakirələri aktivləşdirib.
Bəs əhalisinin mütləq əksəriyyəti inanclı olan ölkənin dindarları, ilahiyyatçıları nə deyir? Ölkədə dindarlıq faizi hansı səviyyədədir? Dinə maraqda kişilər, yoxsa qadınlar üstünlük təşkil edir?
“Azərbaycan əhalisinin hamısı ibadət etməsə belə, inanclıdır”
Mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılov Azərbaycanda əhalinin 64 faizinin “dinsiz” olması fikirlərini doğru saymır:
“Bu rəqəm reallığı əks etdirmir, hətta reallıqdan çox-çox uzaqdır. Sadəcə, araşdırmadakı fikir anlaşılmazlıq yaradır. Belə ki, araşdırmadakı 64 faiz dinsizlərin yox, gündəlik ibadət etməyənlərin sayıdır. Halbuki, ibadət etməmək dinsiz, inancsız olmaq demək deyil. Azərbaycan xalqı inanclı xalqdır. İnsanlarımızın mütləq əksəriyyəti gündəlik ibadət etməsə belə, inanclıdır. Hesab edirəm ki, bu yanlışlıq sorğuda sualın düzgün qoyulmamasından qaynaqlanır”.
“Gündəlik ibadət edənlər 10 faiz civarındadır”
Cəmiyyətimizin dindarlıq göstəriciləri faizlərinə gəlincə, qurum rəsmisi şəxsi müşahidələrinə əsasən, bunun 10 faiz civarında olduğunu deyib:
“Bura gündəlik ibadət edənlər daxildir. Məscidlərə gedən, gündəlik ibadətləri yerinə yetirən şəxslərlə bağlı kiçik araşdırma aparmaqla onların 10 faizdən çox olmadığı aydınlaşır.
Dindarların cins bölgüsünə qalanda, burada yaş, region amili də nəzərə alınmalıdır. Hazırda gənclər arasında dindarlıq faizi nisbətən yüksəkdir. Şimal, Şimal-Qərb, Cənub bölgəmizdə dindarlıq faizi digər bölgələrlə müqayisədə üstündür. Qərb və Qarabağ bölgəsində isə nisbətən zəifdir. Dindarlığın faiz göstəricisi nisbətən yüksək olan rayonlarımız arasında Zaqatala, Ağdaş, Masallını qeyd edə bilərəm”.
“Dinsiz ateist demək deyil”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a deyib ki, araşdırmada işlədilən “dinsiz” sözü ateist mənasını ifadə etmir:
“Həmin sorğularda gündəlik dini ayinləri icra etməyən insanlar “dinsiz” kateqoriyasına aid edilir. Bu, bizim başa düşdüyümüz ateist mənasında deyil. Yəni o faiz göstəricilərində olan insanlar ateist deyil. Bunu bilmək üçün dərin araşdırma aparmağa da ehtiyac yoxdur. Azərbaycan cəmiyyətinin içərisində yaşayırıq və əhalinin 50 faizdən çox hissəsinin dinsiz olması mümkün deyil. Biz bunu dinə əməl etməyən insanlar kimi anlamlıyıq. Mənim fikrimcə, Azərbaycanda əhalinin mütləq əksəriyyəti inanclıdır. Hətta namaz qılıb, oruc tutmasalar belə, Allaha, Peyğəmbərinə, dinə inanan inanların sayı böyük üstünlük təşkil edir”.
“Azərbaycanda qadınlar müqəddəs yerlərin ziyarətində maraqlıdır”
QMİ rəsmisi deyib ki, sorğuya əsaslansaq, hətta əhalinin 30 faizdən çoxunun aktiv dini ayinləri icra etməsi göstəricilərinin özü də böyük rəqəmdir:
“Gündəlik dini ibadətləri yerinə yetirən, məscidlərə gedən, aktiv dindarların sayının 30 fazidən çox olması tam normaldır. Ona görə də “Azərbaycan dinsiz ölkələrin siyahısındadır” demək yanlışdır. Din xadimi olaraq da hər il məscidlərdə ibadət edən, camaat namazlarında insanlarla təmasda olan biri kimi deyə bilərəm ki, xüsusilə də gənclər arsında ildən-ilə dinimizə maraq artır.
Dindarlar arasında qadınla kişi nisbətinə gəlincə, bununla bağlı dəqiq rəqəmlər yoxdur. Mən kəskin fərq də hiss etməmişəm. Hər bir halda hesab edirəm ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti inanclıdır, dinimizə, dini köklərimizə, Allaha bağlıdır. Sadəcə olaraq kimlərsə ibadət edir, kimlərsə etmir, bu, tamamilə fərqli mövzudur.
Amma mənim müşahidələrimə görə, istər Həcc, istər Məşhəd, istərsə də digər müqəddəs yerlərin ziyarətlərinə qadınlar daha çox maraq göstərirlər. Dini məclislərdə, mərasimlərdə isə kişilər üstünlük təşkil edir”.
modern.az