İlahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramı ilə bağlı təbrik paylaşıb:
"Tanrı nə üçün insandan qurban tələb etsin? Özü də övlad qurbanı!
İnsan Allaha qurban gətirmək gücündə deyil, çünki Allah ölçüsündə, Allaha layiq heç nəyə malik deyil. Ona görə də, haqq yolunda nədən keçirsə, nəticə etibarı ilə bunu öz xeyri üçün edir. Gətirdiyi qurban insan üçün nə qədər dəyərlidirsə, əslində bir o qədər də öz mənfəətinə çatır. Qurbanlıq - qarşımızdakı hüdudlardır, onları yarmaqla böyümüş oluruq. Sonsuz azadlıq və qüdrət əldə etmək istəyən, təbii ki, ən ağır və qalın sədləri aşmalıdır. İbrahimin (ə) övlad sevgisini qurbangaha gətirdiyi kimi. İbrahim bir nümunə qoydu: insan üçün hədəf əxlaqlı olmaq, başqalarının gözləntisini doğrultmaq, bir sözlə, hamının gözündə yaxşı olmaq deyil. Bəzən həqiqi əxlaq, həqiqi fədakarlıq və həqiqi sevgi bütün normaların fövqündə durur və anlaşılmır. Bu dəyərlərə yiyəylənmiş insan üçün dünyada bir özü var, bir də Allahı. Qalanı şərtidir, həyatın anturajıdır. Bütün bunlar eqoizmə bəraət qazandırmır, əksinə, Füzulinin dediyi kimi:
Canı kim cananı üçün sevsə cananın sevər,
Canı üçün kim ki cananın sevər canın sevər.
Qurban bayramı xalis insanlıq bayramıdır. Bu gündə hər birinizə ayrılıqda və xalqımıza ümumilikdə mənəvi azadlıq və qüdrətə yiyələnməyi arzu edirəm. Vətən uğrunda verdiyimiz qurbanlar və övladlarımızın fədakarlığı hesabına Qarabağımızı azad etdik. Bizi qüdrətli edən şəhidlərimizin ruhu önündə baş əyərək, hamınızın bayramını təbrik edirəm. Allah qurbanlarınızı qəbul etsin!"
hacishahin.az