İlahiyyatçı Hacı Şahin Həsənli Qədir-Xum bayramı münasibətilə təbrik paylaşıb:
"Ömrünün son Həccindən geri dönən Peyğəmbərimiz (s) hacılara Qədir-Xum adlı yol ayrıcında dayanmağı əmr edir. Bu yol ayrıcında sonuncu Peyğəmbər (s) Allahdan sonuncu vəhyini alır və insanlığa son müraciətini edir. Nə zaman insanlıq seçim qarşısında durarsa, bu xütbə onun qarşısına işıq saçmalıdır. Bu baxımdan Qədir-Xum reallıqla barışmayan, axtarışda olan, azad düşünən mütərəqqi insanların sevinc günüdür. Qədir-Xum seçim deməkdir. Həm bir fərd olaraq insanın, həm də bir tam olaraq bəşəriyyətin taleyüklü seçimi.
Bu gün bəşəriyyət növbəti dəfə öz Qədir-Xum nöqtəsinə çatıb. Bizə düşən isə, Peyğəmbərin (s) "eşidənlər eşitməyənlərə çatdırsın" tapşırığına əməl etməkdir. Qədir-Xumun ümumbəşəri mesajını çatdırmalıyıq ki, insanlıq bu dəfə yanlış seçim etməsin. Axtardığımız düzənin xülya olmadığına inandırmalıyıq bəşəriyyəti. Can atdığımız həyatı yaşamağın mümkünlüyünə inam ən böyük ümidin qığılcımlarını yarada bilər. Xöşbəxt gələcəyə ümidlə, Qədir bayramınız mübarək!"
hacishahin.az