İlahiyyatçı Hacı Şahin Həsənli İslam peyğəmbəri zəhrət Məhəmmədin (s) və İmama Cəfər Sadiqin (ə) mövludu münasibətilə təbrik paylaşıb:
"Müsəlman dünyası bu günlərdə Allahın sonuncu elçisi həzrət Məhəmmədin (s) mövludunu qeyd edir. Əziz peyğəmbərimizin (ə) mövludu bir sıra möcüzələrlə müşaiyət olundu və bu, təsadüfi deyil. Bu möcüzələr daha böyük möcüzənin - insanlığı zülmətdən nura aparan kamil insanın dünyaya gəlməsinin müjdəçisi olmalı idi. Dünyanı xilas edəcək bir peyğəmbərin (s) mövludu sıradan bir hadisə ola bilməzdi.
Allah rəsulu (s) cahiliyyət adlandırdığımız mənəvi boşluq və ümidsizlik girdabından bəşəriyyəti xilas etməli idi. Cahiliyyət hansısa tarixi dönəmin adı deyil, bəşəriyyət qarşısında duram daimi bir seçimdir. İnsan hər zaman heyvani və ilahi təbiəti, ölü cismi və diri ruhu arasında seçim edir. Bu seçimdə ona yardım edəcək bir nümunəyə ehtiyac var. Ona görə həzrət peyğəmbər (s) tarixi deyil, tarixin fövqündə duran, hər daim Allahla rabitəmizi qoruyan fövqəlbəşərdir. O, öncəki peyğəmbərlərin irsini keçmişdən gələcəyə daşıdı, keşmişlə gələcək arasında körpü yaratdı, bununla da bütün bəşəriyyətə maddiyatın, zaman və məkanın mancanağından qurtulmağa fürsət yaratdı. Peyğəmbər mövludu gəlib-getmiş bir insanın ad günü deyil, insanlığın dirçəlişinə inam bayramıdır. Bu inam olmasa, həyat da ola bilməz.
Bu gün həm də peyğəmbərimizin qoyduğu yolun elmi əsaslarını formalaşdıran altıncı imamımız həzrət Sadiqin (ə) mövlududur. İslam maarifinin və hədislərin sistemli öyrənilməsinə onilliklərlə davam edən qadağadan sonra İslam sadəcə bir ənənə, hətta mövhumat kimi yaşamağa məhkum olunmuşdu. Lakin İmam Sadiqin (ə) Mədinədə başladığı elmi inqilab daha sonra bütün müsəlman şəhərlərinə, oradan da dünyaya yayılmağa başladı. Anri Korbinin qeyd etdiyi kimi, İslam irfanı Qədim Şərq qnozisi, elmi isə Qədim Yunan fəlsəfəsinə çevirilməkdə idi ki, İmam Sadiq (ə) bunun qarşısını aldı. Bəzi tərəfdarları onu hərəkətsizlikdə, düşmənləri isə bacarıqsızlıqda ittiham edirdi. Amma zaman hər şeyi öz yerinə qoydu. Bu gün Peyğəmbərin adını yaşadanlar varsa, buna görə İmam Sadiqə (ə) borcludurlar, hətta İmam Cəfər Sadiqə (ə) müxalif olsalar belə. Bizim öhdəmizə düşən isə, övliyalar sayəsində açıq və işıqlı qalan Allah yolunda əzmlə hərəkət etməyimizdir. Allah bu işdə hamımıza yardımçı olsun.
Bayramınız mübarək!"
hacishahin.az