İlahiyyatçı Hacı Şahin Həsənli Zəfər bayramı və Bayraq günü ilə bağlı sosial şəbəkələrdə yazıb:
"Peyğəmbərimiz (s) bayrağa o qədər əhəmiyyət verərdi ki, bayraqdarlıq üçün xüsusi seçim edərdi. Onun ilk bayraqdarı həzrət Həmzə (ə) olub. Həzrət Əlinin (ə) ən mühüm tərifləri arasında onun Peyğəmbər (s) bayraqdarı olması qeyd olunur. Bədrdən başlayaraq Məkkə fəthinə kimi zəfər bayrağını daşımaq Həzrət Əliyə (ə) həvalə olunmuşdu".
İlahiyyatçının sözlərinə görə, bayraq və zəfər bir birindən ayrılmaz anlayışlardır: "Bir xalqın qələbəsi onun bayrağının dalğalandığı zirvələrlə ölçülür. Xalq ucaldıqca bayrağı da ucalar. Allaha şükr olsun ki, müstəqilliyimizdən bu günə kimi üçrəngli, ay-ulduzlu bayrağımız ucaldıqca ucaldı və bu gün Şuşada, Qarabağın qəlbində dalğalanır.
Təsadüfdürmü ya yox, amma zəfər və bayraq günləri eyni zamana təsadüf etdi. Şuşada bayrağımızın sancılması ilə həm əzmlə ona tərəf addımladığımız zəfərə çatdıq, həm də bayrağımız ona yaraşan ən gözəl səmada dalğalandı. İnkişafa can atdığımızı, xalqa sevgimizi və dinimizə bağlılığımızı tərənnüm edən bayrağı baş ucalığı ilə gələcək nəsillərə miras qoyduq. Onların da öhdəsinə düşən yeni çağırışlara layiqli cavab verməklə yeni zirvələri fəth etməkdir.
Zəfərimiz daimi, bayrağımız həmişə zirvələrdə olsun!"
hacishahin.az