Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ilahiyyatçı Hacı Şahin Həsənli yazır:
"Təqvim ilinin təhvil olunmasına sayılı saatlar qalıb. İnsan hər bir fürsətdən istifadə edərək keçmişi təhlil edib gələcəyə yol açmağı bacarmalıdır. Bu gün də həmin fürsətlərdən biridir. Təqvim ilinin dəyişməsində əsas mövzu həyat olmalıdır. Həyatın bir səhifəsi də bağlanır, yenisi açılır və yeni səhifədə nələrin yazılaçağı bizim əlimizdədir. Bayram kor-koranə əyləncə, məsuliyyəti unutduran şənlik deyil, məsuliyyət və ümiddən doğan sevincdir. Bəli, məsuliyyət hissi də insanda sevinc yarada bilər və yaratmalıdır da. Çünki bir insanın üzərinə məsuliyyət qoyulubsa, deməli Allah-Təala ona dəyər verib, onu ucaldıb. Kimliyimizdən asılı olmayaraq bilməliyik ki, özümüzə, ailəmizə, cəmiyyətimizə və bütün bəşəriyyətə görə cavabdehik. Hər birimizin dünyanı gözəlləşirməyə gücümüz yetər. Kifayətdir ki, bunu ürəkdən arzulayaq.
Bu gün həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Xalqımız dünya mədəni irsinin zənginləşməsi, bəşəriyyətin sülh və əmin-amanlıq içində yaşaması, haqq və ədalətin bərqərar olması üçün hər zaman çalışıb. Bizi bu yüksəkliklərə çatdıran Allaha bağlılığımız və mənəvi dəyərlərə sədaqətimizdir. Xalqımızın ən gözəl adətlərindən biri ehsan, yəni başqalarına yaxşılıq etməkdir. Ehsanı, xeyirxahlığı bir adətə çevirən xalq özünü dəyərləndirər, amma başqalarından üstün tutmaz. Əksinə, başqalarına sevgi və bu sevgidən doğan məsuliyyət hissi onu yaxşılıq etməyə və yaradıcılığa vadar edər. Qoy insanlığa olan inamımız, gələcəyə ümidimiz və qurub-yaratmaq əzmimiz ildən ilə artsın!"
hacishahin.az