Bu günlərdə müsəlman aləmində İslam Peyğəmbərinin (s) əziz qızı həzrət Fatimənin (s) anım mərasimləri keçirilir. Xanımlar xanımı həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günü bu il yanvarın 6-sına təsadüf edir.
Ölkəmizin bütün məscidlərində olduğu kimi Məşədi Dadaş məscidində də anım mərasimləri təşkil olunub. Bu mərasimlər adətən üç gün keçirildiyi üçün "Əyyami-Fatimiyyə", yəni "Fatimə günləri" adlandırılır.
Məşədi Dadaş məscidində ilk mərasim yanvarın 5-i axşam saat 20:00-da başlayıb. İlk olaraq ilahiyyatçı Hacı Şahin Həsənli fərdi və ictimai inkişafın bir-biri ilə əlaqəsi, inkişaf etmək istəməməyin fəsadları haqda xütbə ilə çıxış edib. İlahiyyatçı bu mövzunu xanım Fatimənin (s) ictimai fəaliyyəti müstəvisində açıqlayıb. Onun sözlərinə görə, müsəlman fərdi ibadətlə kifayətlənməməli, bütün bəşəriyyətin taleyinə görə məsuliyyət hiss etməlidir. Tədbir Əhli-Beyt (s) məddahı Seyid Peyman Əsədovun növhə və mərsiyə oxuması ilə tamamlanıb.
Xatırladaq ki, üç gün ərzində anım mərasimləri eyni proqram üzrə davam edir və canlı olaraq sosial şəbəkələr üzərindən yayımlanır.
hacishahin.az
FOTO
VİDEO