Yanvarın 31-də Mənəvi Dünya İctimai Birliyi Gənclər günü ilə bağlı bayram keçirib.
Tədbirdə Nəsimi RİH başçısı Asif Əsgərov, Yasamal RİH başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Aqil Abbas və Kamran Bayramov, habelə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidməti, Diaspora ilə İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarının təmsilçiləri, QHT və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, Vətən müharibəsində iştirak etmiş əsgərlər və media nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Birliyin sədri Hacı Şahin Həsənli çıxış edib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində biz Azərbaycan gəncliyinin əzəmətini gördük. Şəhidlərimizin sayəsində bu əzəmətli ruhiyyə sönməyəcək, daim alovlanacaq: "Qəhrəman əsgərlərimiz sadəcə bir xalqın şücaətli oğulları deyil, insanlıq qəhrəmanlarıdır. Bu Vətən əlacsız qalıb özünü qoruyanların deyil, uğurlu gənclərin şirin həyatlarının bahasına qorundu. Bu gənclərin hər biri xalqımızın sərvətidir, dəyərlərimizin təcəssümüdür". Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev gənclərə verdiyi dəyər və önəmin göstəricisi olaraq 1997-ci ildə Gənclər gününü təsis edib.
Çıxışdan sonra gənc artistlər musiqi ifa edib, yumoristik nömrələr göstəriblər. Mirələm Mirələmov, Xəzər Süleymanlı, Milli Konservatoriyanın xoru, AMAROC ritm qrupu, şair və stenapçı Elvin Paşa çıxış etdikdən sonra uğur qazanmış gənclərimiz öz uğur hekayələrini danışdılar. Tədbir şəhid kapitan Anar Heydərovun həyat yoldaşının dilindən şəhidin uğur hekayəsi ilə bitdi. Habelə, qonaqlar Elçin Ağazadə və Rövşən Ağayevin Azərbaycan gəncliyinin fədakarlığı və mənəvi yüksəkliyi haqda çəkdiyi qısametrajlı filmləri izlədilər.
hacishahin.az
VİDEO
FOTO