Rəcəb, Şaban və Ramazan aylarının 13-cü, 14-cü və 15-ci günləri əyyamul-beyz, yəni bəyaz günlər adlanır. Ayın bədrlənməsi səbəbindən həmin gecələr daha işıqlı olur. Hədis və rəvayətlərdə bu gecələri ibadətdə keçirməyin əhəmiyyəti xüsusi vurğulanır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir ki, rəcəb ayının ortasında gündüzləri oruc, gecələri isə ibadətlə keçirənə dünyadan xalis tövbə ilə köçmək nəsib olar. İmam Sadiq (ə) isə bu günlərin ibadətini bir il ibadətə bərabər tutub.
Hər üç gündə oruc tutmaq, qüsl almaq və sədəqə vermək tövsiyə olunur. Bu günlərdə Ümmü Davud duasını oxumaq, Salman Farsi namazını qılmaq və İmam Hüseynin (ə) xüsusi ziyarətnaməsini oxumaq da bəyənilən əməllərdəndir. Xatırladaq ki, bəyaz günlər böyük mənəvi təsirə malik etikafın saxlanılması üçün ən uğurlu vaxt hesab olunur.
Əyyamul-beyzin xüsusi namazı aşağıdakı qayda ilə qılınır:
13-cü gecə iki rikətli namaz qılınır. Hər rikətdə “Fatihə” surəsindən sonra “Ya Sin” , “Mülk” və “İxlas” surələri oxunur. 14-cü gecədə eyni qayda ilə dörd rikətli (iki dəfə iki rikətli) namaz qılınır. 15-ci gecə isə eyni qayda ilə altı rikətli (üç dəfə iki rikətli) namaz qılınır.
Rəcəb ayının 13-ü həzrət Əlinin (ə) mövlud, 15-i isə xanım Zeynəbin (s) vəfat günüdür.
Qeyd edək ki, rəcəb ayının 13-cü gecəsi fevral ayının 14-ü şam azanında daxil olur. Rəcəb ayının 13-cü günü isə fevral ayının 15-i sübh azanından şam azanına qədər davam edir.
hacishahin.az