İlahiyyatçı Hacı Şahin Həsənli Həzrət Əlinin (ə) mövludu münasibəti ilə təbrik paylaşıb:
"Müasir dünyanın yaşadığı dərin böhranlar insan şəxsiyyəti ilə bağlıdır. İnsan bir varlıq olaraq transformasiya dövrünü yaşayır və bu dəyişikliklər bütün ictimai sahələrdə özünü büruzə verməkdədir. Əslində bu proses təxminən yüz əlli il öncə fəlsəfədən başladı, oradan mədəniyyət və elmə ötürüldü, bu gün isə artıq qlobal idarəçilik böhranı və gələcəyə ümidsizlik kimi qabarır. Problemin kökü Mütləqə inamın itməsindədir. Maddiyyatın ön plana çıxdığı bir dövrdə, insanlar üçün həqiqət və ali insani dəyərlər kimi anlayışlar nisbiləşir. Çünki, abstrakt mənəvi məhfumların maddi aləmdə təzahürünü görə bilmirlər. Bir ideyanın real örnəyi yoxdursa, həmin ideyanın yaşamaq haqqı da yoxdur. Bir ideya örnək kimi mifik qəhrəmanları təqdim edirsə, həmin ideya mifə çevirilir. Mövzu yalnız mənəvi deyil, elə maddi kontekstə də olduqca əhəmiyyətlidir. İnkişaf yalnız sonsuz və davamlı bir proses kimi qavranılsa baş tuta bilər. Sonsuzlıq və davamlılıq isə maddi çərçivələri aşmağı nəzərdə tutur. "Allah insan üçün nə istəyir?" sualının cavabı maddi aləmdə hansısa insanın varlığında öz əksini tapmırsa, bu mövzuda şübhə və məyusluq yaranır. Ümumiyyətlə, şəxsiyyət olmağın gərəkliliyi sual altına düşür: ucalıq mümkün deyilsə, ona necə can atmaq olar? Buradan da şəxsiyyətin böhranı yaranır. Tövhidlə şirkin sərhədi də buradan keçir. Tövhid şəxsiyyət üçün yüksələn vektor, şirk isə müxtəlif istiqamətlərə parçalanan və eniş vektorları təyin edir. Biri bütövləşmə və yüksəliş, digəri isə parçalanma və enişdir. Bircə örnək şirkin qətlinə fərman verə bilər.
Böhrandan təkcə çıxış yolu var - həmin örnəyin təqdim olunması. Peyğəmbər bəşəriyyətə bir yol göstərirsə, o yolu getməyin mümkünlüyünü göstərən insan modeli də təqdim etməlidir. Əgər əxlaqi dəyərlərə yiyələnmək, yaxşı və dürüst olmaq insan üçün azdırsa, çoxun nə olduğunu göstərən nümunə də olmalıdır. İnsan dünyadaca azadlıq, ədalət və əxlaqı birləşdirən, eyni zamanda onların da fövqündə duran bir həyat haqda əzəmətli xəbəri təkcə eşitməməli, həm də görməlidir. Görməlidir ki, ona tərəf can atsın.
Bu gün şirkin qatili və əzəmətli tövhid carçısı olan həmin Əli ibni Əbu Talib (ə) dünyaya gəlib. Möhtəşəm bir gündür. Bəşəriyyət üçün mübarək olsun. Öz gəlişi ilə dünyanı şərəfləndirən Əlinin yolunu getmək arzusu ilə, bayramınız mübarək olsun!"
hacishahin.az