XƏBƏRLƏR

Məbəs - yeni dünyanın müjdəsi

28 Fevral 2022 1681

İlahiyyatçı Hacı Şahin Həsənli Məbəs bayramı ilə bağlı təbrik paylaşıb:

 

Tarixdə dönüş nöqtəsi adətən hərblə, yeni dövlət və ya sivilizasiyaların formalaşması ilə müşaiyət olunur. Lakin bütün bu təlatümlü hadisələrin arxasında bəşəriyyətin düşüncəsində baş verən dəyişikliklər durur. Düşüncə dəyişir, yeni paradiqma yaranır deyə, tarixi proses yeni mərhələyə qədəm qoyur. Zahiri hadisələr isə səbəb deyil, nəticədir. Hər bir sistemin köhnəlməsi və yenisi ilə əvəzlənməsi təbiidir. Həmin o əvəzlənmə zamanı kimlərsə köhnəlmiş sistemdən möhkəm yapışmağa çalışır, kimlərsə yenisini qurmağa. Özünü hadisələrin içində görənlər dəyişən dünyada yer tapa bilmir. Amma hadisələrin fövqündə düşünənlər yeni dünyanın sahiblərinə çevirilirlər. Bu da ilahi qaydadır: başqalarından daha uzağı görməyi bacaranlar yeni dünyanın simasını formalaşdırmağa layiqdirlər.

 

Miladi VII əsrin əvvəllərində "sivil dünyanın" ən ucqar yeri olan Məkkədə "Yoxdur tanrı, Allahdan başqa" səsini ucaldan Həzrət Məhəmmədə (s) divanə deyirdilər. Bir insanın bu hayqırısı "realist" məkkəlilər üçün gülünc səslənirdi. Əsrlərlə mövcud olan bütpərəst və qəbilə sisteminə, İran və Bizans kimi böyük qüdrətlərlə əlaqəsi olan və bütün iqtisadi qüdrəti əlində cəmləşdirən tayfa başçılarına meydan oxumaq və yeni paradiqma təklif etmək sıravi ağıllar üçün gülünc görsənməli idi də. Bəzi tayfa başçıları daha zirək tərpənmək istədilər: yeni dini ərəbləri birləşdirən və yeni dövlət quran ideya olaraq gördülər. Ona görə Peyğəmbərə təklif etdilər ki, İslamın yayılmasında göstərdikləri yardım müqabilində onları hökmdar olaraq təsdiqləsin. Rədd cavabı aldıqda onlar da yeni paradiqmanın uğursuz olacağı qənaətinə gəldilər. Həqiqətən də bütün hadisələr buna dəlalət edirdi. Amma onlar anlamırdılar ki, məqsəd ərəb qəbilələrini bir ideya ətrafında birləşdirib yeni dövlət qurmaq deyil. Məqsəd çürüməkdə olan qlobal sistem müqabilində yeni məktəb təqdim etməkdir. Bütün tənə, məsxərə, qınaqlara, barəsində mənfi obrazın yaradılmasına, uğrunda canını fəda etdiyi insanların ona daş atmasına rəğmən, Peyğəmbər dayanmadı. O, 23 il ərzində addım-addım hədəfinə doğru getdi, kiçik Mədinə şəhərini Məkkə ilə rəqabət aparan böyük bir qüdrət mərkəzinə çevirdi. Xəndək savaşı zamanı bütün bütpərəst qəbilələr səfərbər olub Mədinəyə hücuma keçdilər. Bu artıq məkkəlilərlə lokal toqquşma deyil, İslamla ərəb bütpərəstliyi arasında ölüm-dirim savaşı idi. Mədinənin bu savaşda qalib gələcəyinə heç bir əsas yox idi, onlar say və hərbi hazırlıq baxımından düşməndən xeyli zəif idi. Ona görə bəzi səhabələr ciddi tərəddüdə düşdülər, amma Peyğəmbər onlara bir cavab verdi: "Gözümlə görürəm ki, dünya İslama doğru gəlir". Bir neçə qəbiləyə müqavimət göstərə bilməyən müsəlmanların Peyğəmbərdən belə söz eşitməsi bir çoxlarında yenə də gülüş yaratdı. Amma Peyğəmbər bacardı. Zamanla onu divanəlikdə, düzgün hesablama apara bilməməkdə, utopizmdə ittiham edənlər Məkkənin fəthini də gördülər, İran və Bizans üzərində qələbələri də, İslamın dünyaya yayılmasını da. Şər nə qədər özünü insansevər və rasional göstərməyə çalışsa da, insanlar ona nə qədər aldansalar da, aradan getməyə məhkumdur.

 

Bu gün Məbəs bayramıdır. Yəni Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. Tarixin dönüş nöqtəsi. Əsrlərlə insan təfəkkürünə hökmranlıq edən, böyük sivilizasiyalar quran, elmi və texniki nəaliyyətlərə imza atan, amma tükənmiş bir paradiqma və sistemə alternativ məktəbin yarandığı gün. İnsanları hadisələrin içindən çıxarıb tarixi və qlobal miqyasda düşünməyə və hərəkət etməyə çağıran bir tərz-təfəkkürün doğulduğu gün. Tarix bu hadisədən sonra çox dönüş nöqtələri gördü və hər dəfə Məbəsin aşıladığı bu dünyagörüşü öz haqlığını sübut etdi: tarixi fiziki güc və zahiri hesablamalar deyil, mənəvi güc və hadisələrin fövqündə durmaq bacarığı yazır. Həqiqətən də, təntənə ilə qeyd olunası bayramdır. Allah bu günün əzəmətini yaşayıb yaşadanlardan qərar versin bizi. Məbəs bayramınız mübarək!

 

 

hacishahin.az