XƏBƏRLƏR

"Bəsirət bu gözəlliyi duymaqdır" - təbrik

05 Mart 2022 576

İlahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdəki hesabında təbrik paylaşıb:

 

"Üç Kərbəla qəhrəmanının - İmam Hüseyn (ə), Həzrət Abbas (ə) və İmam Səccadın (ə) mövlud günləridir. İmam Hüseyn (ə) Həzrət Abbasla (ə) birlikdə Kərbəla möcüzəsini yaratdı, İmam Səccad (ə) xanım Zeynəblə (s) birlikdə bu möcüzəni yaşatdı.

 

Nədir Kərbəlanın möcüzəsi? Faciəvi tərəfinin olmasına baxmayaraq, əsrlər davam etdikcə xalqları özünə cəzb edən o ecaz nədədir?  Həqiqətə söykənən düzəndə, eqoizmə yer olmayan eşq fəzasında yaşamaq sevincində. Gözəlliklər içində seyr edib gözəlləşmək şövqündə. Bəsirət bu gözəlliyi duymaq, görməkdir. Çünki bu gözəllik duyularsa insan nədən çəkinməli və nəyə üz tutmalı, kimə dost və kimə düşmən olmalı olduğunu bilər. Yəni insan aydın düşüncə, möhkəm mövqe və sağlam qəlblə yaşayar. Bu qəhrəmanların yaratdığı Kərbəla hadisəsi sıradan bir tarixi hadisə deyil, heç zaman aktuallığını itirməyəcək tarixüstü bir fenomendir. Kərbəlada yaranan çadır şəhərciyi bəşəriyyətin bugün də axtardığı yaşam modelidir. 

 

Allah Kərbəlanın gözəlliyini görməyi və həyatımıza tətbiq etməyi hamımıza nəsib etsin. Bayramınız mübarək!"

 

hacishahin.az