XƏBƏRLƏR

"İrəliləmək üçün gələcəyə ümid lazımdır" - Təbrik

17 Mart 2022 485

İlahiyyatçı Hacı Şahin Həsənli Həzrət Mehdinin (ə) mövlud günü ilə bağlı təbrik paylaşıb.  

"İnsanlığı irəli aparan başlıca xüsusiyyət ümiddir. Həyatın keyfiyyətcə yaxşılaşmasını arzulamaq azdır, bunun mümkün olduğuna inanmaq gərəkdir. Keçmiş səhvlərin torundan qurtulub hərəkətə keçmək üçün gələcəyə ümid olmalıdır.

 

Bəşəriyyət dəfələrlə ümidlənib tarixi yenidən yazmağa qalxıb. Maraqlısı da budur ki, istədiyini əldə etmədikdə məyus olmayıb. Yenidən qalxıb və irəliləyib. Deməli, ümid hansısa hadisədən deyil, insanın daxilindən qaynaqlanır. Ümid insanın təməl xüsusiyyətlərindəndir. Ona görə də onun qarşılığı olmalıdır. Quranın "yer üzü saleh insanlara miras qalacaq" ayəsi bu arzunun cavabsız qalmayacağını təsbit edir. Bu gün dünyamızın çalxalandığı, günahsız insanların qanlarının töküldüyü, milyonlarla məzlumun fəryadının ucaldığı bir dövrdə ümidimiz sönməməli, əksinə güclənməlidir. Axı bu insanlığın təbii halı deyil. İnsan cənnət qurmaq üçün yaranıb, lakin yalnız Axirətdə deyil, elə dünyada da. Və həmin cənnəti mütləq quracaq.

 

Bu gün müsəlmanlar bərat, yəni bağışlanma gecəsini qeyd edirlər. Allahın dərgahı keçmişin məngənəsindən qurtulmaq üçün hər kəsin üzünə açılır. Gecə bağışlanma diləyi ilə əhya saxlanılır, səhər isə xilaskarın - Həzrət Mehdinin (ə) dünyaya gəldiyi gün qeyd olunur. Qəribə bir simvolizm var burada. Dünyanı dəyişmək üçün indiyədək gəlinən yolun çatışmazlıqlarını görmək, hazırkı hadisələri ayıq gözlə  təhlil etmək lazımdır. Yalnız bu halda ümid sönməz, əksinə güclənər və güman edilməyən yerdən çıxış yolu tapıla bilər.

 

Ən böyük ümidlərimizin doğrulması arzusu ilə bayramınızı təbrik edirəm!"

 

hacishahin.az