XƏBƏRLƏR

"Müstəqillik mənəvi güc tələb edir" - Müstəqillik günü təbriki

28 May 2022 469

"Müstəqillik böyük qurbanlarla əldə olunur və onun yükünü daşıya bilənlərə nəsib olur. Xalqımız bunu çox gözəl bilir. Bu vətənin azad və müstəqil qalması üçün elə bir dönəm olmadı ki, xalqımız qurban verməsin, əziyyətlərə qatlaşmasın. Bu gücün və qüdrətin qaynağı yalnız sarsılmaz mənəviyyat, özünəinam ola bilər".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Müstəqillik günü ilə bağlı təbrikində yazıb. İlahiyyatçının sözlərinə görə, başqasından asılı olmamaq başqasına bənzəməməkdir, başqasına bənzəməmək isə, öz fərqliliyini, özəlliyini anlamaqdır:

 

"Dünyaya nəsə verə biləcəyinə inanmayan xalq asılılığa məhkumdur. Güc isə bəşər tarixinə töhfə verəcəyinə inanan xalqın qismətidir. Bu da ərazinin böyüklüyü və ya sayın çoxluğuna deyil, məhz mənəvi gücə bağlı olan bir məsələdir.

 

Allaha şükür olsun ki, Azərbaycan xalqı bu mənəviyyata sahib olub müstəqil və azad bir dövlət qurdu. Və bu gün də tarixin çağırışlarına cavab verib müstəqilliyini qoruyur. Müstəqil dövlət kimi var olmaq günümüzdə böyük fədakarlıq və müdriklik tələb edir. Xalqımız bu yüksək dəyərlərə sahib olduğu üçün tarixin sınağından üzüağ çıxıb müstəqil dövlət qurdu, bu dövlətin ərazi bütövlüyünü bərpa edə bildi. Məhz bu səbəbdən bu günü bayram kimi qeyd etməyə həmişəkindən daha çox layiqdir. Müstəqillik Gününüz mübarək!"

 

 

hacishahin.az