XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə davam edir

26 İyul 2017 1474

Bu gün 6 və 15 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbir keçirilib. Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev və DQİDK Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və QMİ-nin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin axundu hacı Şahin Həsənli iştirak ediblər.

 

Tədbirlərdən öncə qonaqlar məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şəraitlə tanış olublar. Məhkumlar üçün ibadət evi, dərs otağı və kitabğana yaradılıb. Müsəlmanlarla yanaşı, pravoslav məhbusların da ibadətləri üçün geniş şərait mövcuddur.

 

DQİDK şöbə müdiri Nahid Məmmədov penitensiar müəssisələrdə ibadət üçün yaradılan imkanların islah və tərbiyə işində faydalı olduğunu bildirib. Dövlət başçısının 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsinə toxunan natiq İslam coğrafiyasında dini zəmində baş verən münaqişələr fonunda həmrəyliyin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan özünəməxsus tolerantlığı, multikultural dəyərləri ilə dünyaya örnəkdir.

 

Tədbirlərdə iştirak edən ilahiyyatçı hacı Şahin Həsənli dünyanın imtahan yeri olduğunu bildirib: “Bəzi inanclardan fərqli olaraq biz həm bu dünya, həmdə axirət üçün yaşayırıq. Bu dünyada etdiyimiz əməllərə görə cavab verməli olacağıq. İnsanların əməlləri onlardan mütləq soruşulacaq”. Harada olmasından və zamanından asılı olmayaraq insanların tutduğu əmələ görə peşimançılıq çəkməsi və tövbə etməsinin vacibliyinə toxunan ilahiyyatçı Allahın onları əfv etmək qüdrətinə malik olduğunu deyib. 

 

İlahiyyatçı-alim İslam həmrəyliyi və rüdikalizm mövzusuna da toxunub: “Qurani-Kərimə və hədislərə müraciət etdikdə, görürük ki, Allaha inananlar arasında nə zaman birlik və mötədillik olubsa, o zaman Allahın dini qüdrətə çatıb və insanalra fayda verib. Əksinə, Allaha inananlar nə zaman birliklərini itirib və ifratçılığa varıblarsa, o zaman şeytani qüvvələr qələbə çalıblar...

 

Təfriqə və radikalizmin ümumi qaynağı var. Bu qaynaq insanın təkəbbürüdür. Bir şəxs özünü hamıdan üstün, hamıdan ağıllı, hamıdan haqqlı bilərsə, başqasını dinləməz, onun anlamağa çalışmaz, problemləri birgə çözmək istəməz. İstəyər ki, hamı onun kimi olsun, onu dediyini desin, onun etdiyini etsin. Bu zaman kiməsə güzəştə getmək, ürək yandırmaq onun ağlına gəlməz. Çünki, təkəbbür onun gözünü kor edir...

 

Baxın bir Qurani-Kərim müsəlmanlarla kitab əhlini ortaq cəhətlər ətrafında birləşməyə necə çağırır: ortaq kəlimə olan “Allah təkdir” şüarı , ortaq peyğəmbəriniz olan İbrahimin (ə) vilayəti və ortaq cəhətiniz olan Axirət inancı ətrafında birləşin. Əksinə, təfriqələri necə həll edir? Qiblə hara olmalıdır deyə müsəlmanlarla yəhudilər arasında mübahisə düşdükdə Allah buyurdu ki, şərq də, qərb də Allahındır, Kimin qibləsi əsl qiblədir deyə savaşmaqdansa, xeyir işlərdə bir birinizi ötməyə çalışın”.

 

Hacı Şahin Həsənli insanın öz mənəviyyatı üzərində çalışmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, yalnız ortaq cəhətlər üzərində dayanıb, fərqlilikləri təbii qəbul etsək, bir-birimizi anlamağa çalışıb, ürək yandırsaq, aramızda həmrəylik olar. Allahın daxilimizdə qoyduğu o insaniyyət ipindən, yaxşılıq və gözəllikdən yapışmalıyıq. Həmrəylik insanı təkəbbür, naşükürlük və həsəd uçurumundan xilas edən ən təsirli vasitədir. Təkəbbür və həsəd zəiflədikcə həm dünyada, həm  də axirətdə xoşbəxt olarıq.

 

Tədbirin sonunda məhkumların çoxsaylı suallar cavablandırılıb və onlara dini ədəbiyyatlar hədiyyə edilib. 

Qeyd edək ki, seminar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində keçirilib.

 

hacishahin.az