XƏBƏRLƏR

“İllərin adətini bir anda dəyişmək olmur”

04 Avqust 2017 895

“İllərlə yaranmış adətləri bir anın içində dəyişmək olmur. Ehsan verilməsini dinimiz qadağan etmir. Ehsan verilə bilər, amma israfçılıq olmaz. Ehsan vermək rəqabət vasitəsinə çevrilməməlidir”.

 

Bunu Teleqraf.com-a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, İslamda insan dünyasını dəyişdikdən sonra bir neçə vacib əməl var ki, onlar icra olunmalıdır:

 

“Ölüyə qüsl verilməsi, onun kəfənə bükülməsi, cənazə namazının qılınması və meyitin dəfn edilməsi vacib əməllərdir. Bundan sonra hər hansı vacib əməl qalmır. Yəni, dəfndən sonra ehsan verilməsi, məclislərin təşkil olunması vacib əməl deyil”.

 

Hacı Şahin Həsənli bildirib ki, ehsanlarla bağlı QMİ-nin də tövsiyələri var: “Tövsiyələrdə yas mərasimlərində israfçılıq yolverilməz hesab olunur. “Ehsan” sözü ərəbcədən tərcümədə “yaxşılıq” mənasını verir. İstənilən xeyirxah, yaxşı əməl edib, dünyadan köçmüş insana nəyisə hədiyyə edilməsi də ehsan sayılır. Harasa körpü, su çəkmək, kitab yazmaq, tələbələrin təhsil haqqına yardım göstərmək kimi xeyirxah əməlləri dünyadan köçən insana hədiyyə etmək olar. Bütün bunlar ehsandır”.

 

QMİ-nin nümayəndəsi deyir ki, yas məsələrində israfçılığa yol verməmək maarifləndirmə məsələləri ilə tənzimlənə bilər.

 

teleqraf.com