Azərbaycanda turizmin inkişafı fonunda turistlərin yerli adətlərə riayət etmələri məsələsi gündəmə gəlib. Sia.az saytı mövzu ilə bağlı bir sıra ictimai xadimin, o cümlədən ilahiyyatçı hacı Şahin Həsənlinin fikirlərini öyrənib.
“Turizmin inkişafı, şübhəsiz ki, ölkə iqtisadiyyatına və əhalinin rifahına müsbət təsir göstərir. Təbii ki, bu da sosial sahəyə sirayət edəcək. Sabit iqtisadi və sosial şərait isə, mənəvi inkişafın zəruri şərtidir,” – deyə ilahiyyatçı bildirib. Onun sözlərinə görə, ölkəmiz bu sahədə ilk addımlarını atır və bu sahənin çətinlikləri ilə tanış olur: “Biz başqa mədəniyyətin təmsilçilərini qəbul etməyə, bizdən fərqlənən insanlarla ünsiyyət qurmağa başlayırıq. Ona görə də, anlaşılmazlıqlar təbiidir”.
Turist səfərlərinə getdiyimiz ölkələrdə mədəni fərqlilik üzündən bizim də xoş qarşılanmaya biləcəyimizi, yaxud bəzi ölkələr barədə yanlış stereotiplərimizin olduğunu vurğulayan Ş. Həsənli zamanla anlaşılmazlıqların aradan qalxacağını bildirib.
“Yanlış təsəvvürlərdən biri də budur ki, guya ərəblərdən qeyriləri gələrsə, hər şey ideal olacaq. Xeyr, ilkin mərhələdə mədəni uyğunsuzluqlar qabaracaq. Təcrübə artıqca, bizim ölkədə də bu cür problemlər öz müsbət həllini tapacaq,” – deyə hacı Şahin Həsənli fikrini tamamlayıb.
hacishahin.az