XƏBƏRLƏR

Məhbuslarla görüşlər davam edir

18 Avqust 2017 1364

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi davam edir. Layihəyə əsasən, dini maariflənmə istiqamətində seminar-treninqlər keçirilir. Bu barədə DQİDK-nin saytında məlumat verilib. 


Bu dəfə 2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, DQİDK Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və QMİ Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu hacı Şahin Həsənli iştirak ediblər.


Mübariz Vəliyev məhkumların ibadəti və dini maariflənməsi üçün yaradılmış şərait barədə məlumat verib. Nahid Məmmədov isə, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsininin İslam aləmində baş verənlərin fonunda nə dərəcədə mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, münaqişə ocaqları əsasən İslam aləmindədir, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqlar dayanır və bu dağıdıcı prosesin idarə edilir. Natiq bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.


Tədbirlərdə iştirak edən ilahiyyatçı hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. O bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin (s) həyat yoluna ziddir. Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir.
Tədbirlərin sonunda çoxsaylı suallar cavablandırılıb və DQİDK nəşrləri olan kitablar məhkumlara hədiyyə edilib.


Qonaqlar cəzaçəkmə müəssisəsində məhkumların dini ibadətləri üçün yaradılmış yüksək şəraitlə də tanış olublar.
Sonda camaat namazı qılınıb.

 

hacishahin.az