Sentyabrın 9-u İslam tarixində ən önəmli hadisələrdən biri, həzrət Əlinin (ə) Peyğəmbər (s) tərəfindən imam təyin olunduğu gün - Qədir-Xum bayramı qeyd olunur. Bayramla bağlı öz rəsmi Facebook səhifəsində təbrik yazan ilahiyyatçı-alim hacı Şahin Həsənli qeyd edib:
"İslam ümmətinin qət etdiyi keçməkeşli yollar gələcəyin yalnız və yalnız həmrəylikdə olduğunu bir daha sübut etdi. Həmrəylik Quranın və əziz Peyğəmbərimizin (s) bizə vəsiyyət etdiyi ən ümdə dəyərlərdəndir. Tarixdə həzrət Əli (ə) kimi bu vəhdəti yaşadan, ümmətin birliyi üçün əlindən gələni edən ikinci şəxs yoxdur. Bu ilahi şəxsiyyətin həyatının hər anı ayırıcılıqla mübarizə və birlik naminə fədakarlıqla yazılıb. O hər zaman öndə idi. İstər müsəlmanları bütpərəst məkkəlilər müqabilində səfərbər etmək, istər Riddə dövründə xilafəti ayaqda saxlamaq, istərsə də Birinci fitnə zamanında İslam birliyinin keşiyində durmaq lazım olanda. Çünki sabitlik və təhlükəsizlik olmayan yerdə tərəqqi də ola bilməz. O, Qədir-Xum günü üzərinə götürdüyü ilahi vəzifəni ləyaqətlə icra etdi".
Daha sonra Ş. Həsənli Qədir-Xum bayramı barədə yazıb: "Peyğəmbərin (s) vida Həccində “hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır” deyə müsəlmanların taleyini həzrət Əliyə (ə) tapşırdığı gün. Tarix bu təyinatın əhəmiyyətini və labüdlüyünü daim təsdiqləməkdədir. Hamınızı bu bayram münasibəti ilə təbrik edir, imam Əli (ə) yolunu yaşayıb yaşatmağı arzu edirəm!"
hacishahin.az