XƏBƏRLƏR

Dırnaqarası “din xadim”lərindən necə qurtulmalı?

09 Dekabr 2016 990

Hacı Şahin Həsənli: “Din dövlətdən ayrı olduğuna görə bu məsələlər qanunvericiliklə tənzimlənmir”

 

Aqil Ələsgər: “Dini sferanın rəsmi çərçivə altında qeyri-rəsmi fəaliyyət göstərməsi məqsədəuyğun deyil”.

 

Pia.az, 07.12.16, 9:38 - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, əlində “Quran” tutan hər adam din xadimi deyil. Eyni zamanda Komitə sədri əsl din xadimlərinin müvafiq titul və xüsusi vəsiqəyə sahib olduğunu bildirərək rayonlarda dini ayinləri oxuyanların bəzilərinin rəsmi təyinatlı imam və ya axund olmadıqlarını vurğulayıb. Açığı bu vəziyyət müstəqilliyimizin başlanğıcından mövcuddur və öz həllini gözləyir. Qafqaz Müsəlmanları İdarəsi bu barədə dəfələrlə bəyanat versə də, vəziyyət dəyişməz olaraq qalır və nəticədə “Quran”dan bir neçə dua oxuya bilən hər kəs özünü din xadimi hesab edir. Bəs görəsən bu məsələ öz həllini necə tapa bilər? Qafqaz Müsəlmanları İdarəsi bu başıpozuqluğu ortadan qaldırmaq üçün konkret hansı addımlar atmalıdır və qanunvericiliklə cəza tətbiq edilməsinə ehtiyac varmı?

 

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli və ilahiyyatçı-araşdırmaçı Aqil Ələsgərin fikirlərini öyrənib.

 

Hacı Şahin Həsənli: “Attestasiyadan keçməyən din xadimləri dini ayinləri icra etməyə səlahiyyətli sayılmırlar”.

 

QMİ-nin dırnaqarası “din xadim”lərinin qarşısının alınması üçün hər il attestasiya keçirdiyini vurğulayan ilahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, bu məsələdə əsas iş insanların öz üzərinə düşür:

 

“Əslində bu çox aktual məsələdir. Çünki bugünkü gündə özünü din xadimi kimi təqdim edən, heç bir dini savada sahib olmayan insanlar var. Onlar dini mövzular barədə danışmağa səlahiyyətli olmadıqları halda müxtəlif məclislərdə çıxış edirlər, qəbir üstündə “Quran” oxuyurlar. Ancaq elementar “Quran”ın oxunuş qaydalarını bilmirlər. Buna görə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin attestasiyası keçirilir. Attestasiyadan keçməyən din xadimləri dini ayinləri icra etməyə səlahiyyətli sayılmırlar.

 

Əlbəttə, din dövlətdən ayrı olduğuna görə bu məsələlər qanunvericiliklə tənzimlənmir. Sadəcə olaraq vətəndaşlar din xadimlərinə müraciət edərkən bu məsələdə diqqətli olmalıdırlar. Vətəndaşlar bu məsələdə insanlar içində öz savadı, əxlaqı ilə tanınmış şəxslərə müraciət etməlidirlər. Bu məsələnin hüquqi mexanizmi olmasa da, mənəvi məsələdir. İnsanlar özləri bunu tənzimləməyə bilərlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən hər il belə attestasiya keçirilir. İnsanlar hər bir təsadüfi adama etibar etməməlidirlər. Bu problemin hüquqi müstəvidə həll olunması üçün hansısa mexanizm düşünmək çətindir. Hər halda QMİ tərəfindən əsl din xadimlərinə vəsiqələr təqdim olunur”.

 

Aqil Ələsgər: “Haradan maliyyələşdiyi bəlli olmayan şəxslərin bu sahədə aktivlik etməsi və ön plana çıxması xoş hal deyil”.

 

Dırnaqarası “din xadim”lərinin aktivliyinin əsl din xadimlərinin fəaliyyətini kölgə altına aldığını bildirən ilahiyyatçı araşdırmaçı Aqil Ələsgərin fikrincə, bu sahədə ciddi tədbirlərin görülməsi zəruridir:

 

“Bir atalar sözümüz var: “Hər oxuyan Molla Pənah Vaqif olmaz”. Təbii ki, Mübariz Qurbanlının bu yöndəki açıqlaması müsbət bir haldır. Bu mübarizə olunası mövzulardan biridir. Xüsusilə, bu gün qəbirstanlıqlarımızda kiril və ya latın dilindən yazısını oxuyan xeyli dırnaqarası “din xadim”lərimiz var. Əsasən əyalətlərdə Yasin surəsini azacıq öyrənən insanlar din xadimi kimi ortada görünürlər. Eyni zamanda burada başqa bir təhlükə də var. Azərbaycana xarici ölkələrdən profesional din xadimləri də gəlirlər. Onların Azərbaycana hansı məqsədlə gəldikləri bəlii deyil. Bu baxımdan hesab edirəm ki, dini sferanın rəsmi çərçivə altında qeyri-rəsmi fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Əsasən qanuni axundların, dini icma rəhbərlərinin bu yöndə fəaliyyət göstərməsi təqdirəlayiqdir. Mənşəyi məlum olmayan və haradan maliyyələşdiyi bəlli olmayan şəxslərin bu sahədə aktivlik etməsi və ön plana çıxması xoş hal deyil.

 

Çox təəssüf ki, dini boşluqdan yaranan faktlardan biri də Azərbaycanda qeyri-rəsmi və qeyri-qanuni fəaliyyətlə məşğul olan dırnaqarası “din adamlar”ın sayı rəsmi fəaliyyətlə məşğul olan şəxslərin sayını üstələyir. Buna görə də rəsmi fəaliyyət göstərən din xadimlərinin birbaşa maarrifləndirilməsi və saylarının artırılması vacibdir. Həm İslam dininə, həm də Azərbaycan dövlətçiliyinə bağlılığı ilə əlaqədar olaraq bu sahədə ciddi təlimlərin keçirilməsi lazımdır. Bu baxımdan Mübariz Qurbanlının fikirləri yerində söylənilən aktual problemdir. Bu problemin həlli ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə fəaliyyəti nəticəsində mümkün olar”.

 

Gülşən ŞƏRİF
pia.az