Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) birgə keçirdiyi seminar-treninqlər davam edir. Bu barədə DQİDK-in veb-saytı məlumat verib.
Scwra.gov.az saytının məlumatına əsasən, bu dəfə maarifləndirici tədbir 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Tədbir “İslam həmrəyliyi zamanın çağırışıdır” mövzusunda keçirilib. Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin məsul əməkdaşı Süleyman Salayev məhkumların ibadəti üçün yaradılmış şərait barədə məlumat verib.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran N.Məmmədov bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.
Tədbirdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İslam aləmində həmrəyliyin əldə olunmasının vacibliyini önə çəkən H.Ş.Həsənli qeyd edib ki, din vasitəsi ilə bəzi qüvvələrin manipulyasiya etmək cəhdləri nəticəsində böyük bir coğrafiya fəlakətlərlə üz-üzə qalıb. Dini radikalizmin bəzi cəmiyyətlərdə inkişaf etməsində müsəlmanların da böyük günahları var. Bu gün müsəlmanların üzərinə düşən vəzifə dinimizi olduğu kimi Quran və hədislərdən düzgün şəkildə istifadə etməklə hikmətlə, öyüd-nəsihətlə insanlara çatdırmaqdır.
Sonda iştirakçıların sualları cavablandırılıb və məhbuslara dini ədəbiyyat hədiyyə edilib.
hacishahin.az