"İmam Hüseyn (ə), Aşura Azərbaycan xalqının ortaq dəyəridir. Azərbaycan nadir ölkələrdəndir ki, xalq Əhli-beyti başının üzərinə qaldırıb, onu başının tacı hesab edir". Bu fikirləri SalamNews-a "Məşədi Dadaş" məscidinin axundu ilahiyyatçı-alim Hacı Şahin Həsənli bildirib.
İlahiyyatçı deyib ki, İmam Hüseyn (ə) bizim üçün böyük Kərbəla məktəbi qoyub, insanlığa dərs verib, həyatın amalını başa salıb. "Həyat ancaq yemək, içmək üçün çalışmaqdan ibarət deyil. Həyat başqaları uğrunda fədakarlıq etməyi bacarmaqdır. İldən-ilə ölkəmizdə Məhərrəm ayının, Kərbəla hadisəsinin öyrənilməsinə maraq artır. Gənclər bu məktəbin daha da dərindən öyrənilməsinə maraq göstərir və bu da özlüyündə sevindirici haldır. İmam Hüseyn (ə) məktəbinin doğru öyrənilməsi dinimizin dünyada təbliğinə kömək edər".
Bildirək ki, Aşura – hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ildə) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib.
Salamnews.org