Bu gün ölkəmizin hər bir yanında olduğu kimi, Məşədi Dadaş məscidində də Aşura mərasimi keçirilib. Böyük xalq axını ilə müşaiyət olunan əzadarlıq məclisi səhər saat 9:00-da başlayıb.
İlahiyyatçı-alim hacı Şahin Həsənli əzadarlar qarşısında çıxış edərək İmam Hüseyn (ə) qəhrəmanlığının səbəblərinə toxunub. Xətibin sözlərinə görə şəhidlərimiz və onların ailələri xalqımızın Aşura dəyərlərinə sadiq olduğunu sübut ediblər. “Xalqımız İmam Hüseyn (ə) məhəbbətini əsrlərin sınağından keçirib. Bu məhəbbət mədniyyətimizin hər sahəsinə sirayət edib: ədəbiiyatımızda, teatr sənətimizdə, mətbəximizdə belə bu eşqin təsirini görmək olur,” – deyə ilahiyyatçı Əhli-Beyt (ə) məhəbbətinin milli şüurumuza təsirini vurğulayıb. Bu məhəbbət xalqın qəhərəmanlığa olan rəğbətinin göstəricisidir deyən hacı Şahin Həsənli davam edib: “Biz bu məclislərə gəlməklə zorakılğa qarşı olduğumuzu göstəririk. Biz zorakılığa məruz qalan tərəfik və dünyanın hər harasında olursa olsun zorakılğı pisləyirik”. Torpaqlarımızın azadlığı uğrunda savaş olarsa, ön cəbhədə İmam Hüseyn (ə) aşiqlərinin yer alacağını bildirən ilahiyyatçı şəhidlik ruhiyyəsindən də danışıb: “Şəhid xalqının aşiqidir. O, o qədər başqalarının rifahı üçün təlaş edir ki, sonda canını qurban verir.”
Daha sonra Əhli-Beyt (ə) məddahı seyid Peyman Boradigahi rövzə və mərsiyələr oxuyub. Günorta namazları camaatla qılındıqdan sonra məşhur Quran qarisi hacı Ruslan Qasımov Aşura ziyarətnaməsini oxuyub. Xalqımızın rifahı, bayrağımızın ucalığı, ordumuzun gücü və şəhidlərimizin ruhu üçün dualar edildi. Sonda əzadarlar üçün ehsan süfrəsi açıldı.
hacishahin.az