XƏBƏRLƏR

Şabanın 15-ci gecəsi - Qədr gecəsindən sonra ən üstün gecə

01 Mart 2022 8241

Martın 17-si  məğrib azanından sonra şaban ayının 15-ci gecəsi daxil olur. Beləliklə də, şaban ayının 15-ci günü martın 18-nə təsadüf edir.

 

Nimeyi-şaban və ya şabanın orta gecəsi Qədr gecəsindən sonra ən üstün gecədir. Allah Rəsulunun (s) buyurduğuna əsasən, insanların ruzisi, ömrü və Həcc ziyarəti ilə şərəflənməsi bu gecə müəyyən olunar. İslam təqvimində dua və ibadətlərin qəbulu, insan və insanlığın taleyinə təsiri baxımından özünəməxsus əhəmiyyət kəsb edən bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunur. Həmin gecənin bəzi əməlləri aşağıdakılardır:

 

1. Qüsl almaq. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

 

2. Əhya saxlamaq. Bu gecəni imkan çatan qədər namaz qılmaqla, dua və istiğfar etməklə sübh azanına qədər oyaq qalmaq.

 

3. Quran oxumaq. Xüsusi ilə 3 dəfə “Ya-Sin” surəsinin oxunması tövsiyə olunur. Bu əməl gələn il müddətində fəqirlik, bəla və xəstəlikləri dəf edər, ömrü uzadar.

 

4. İmam Hüseyni (ə) uzaqdan ziyarət etmək. Bunun üçün imkanı olanlar hündür və üstü açıq bir yerə çıxa bilərlər. Ziyarət üçün üzü qibləyə durmaq, daha sonra  sağ və sol tərəfə baxmaq,  sonda isə üzünü göyə tutub İmam Hüseynə (ə) salam vermək tövsiyə olunur:

"Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh" (tərc. - "Salam olsun sənə, ey Əba Abdillah. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə!").

 

5. Kumeyl duasını oxumaq.

 

6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:

«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».

 

7. Cəfər Təyyarın namazını qılmaq.

Bu namaz iki dəfə qılınan 2 rükətli namazdan ibarətdi (cəmi 4 rükət). Birinci namazın birinci rükətində “Fatihə”dən sonra “Zəlzələ” surəsi, ikinci rükətində isə “Fatihə”dən sonra “Adiyat” surəsi oxunur. İkinci namazın birinci rükətində “Fatihədən”dən sonra “Nəsr” surəsi, ikinci rükətində isə “Fatihə”dən sonra “İxlas” surəsi oxunur.  Habelə, hər dörd rükətdə surələr oxunduqdan sonra və rükuya getməmişdən öncə 15 dəfə, hər rükuda 10 dəfə, hər dəfə rükudan qalxdıqdan sonra 10 dəfə, hər səcdədə 10 dəfə, hər səcdədən başı qaldırdıqdan sonra 10 dəfə “təsbihati-ərbəbə” deyilir:

"Subhanallahi vəl-həmdu lil-lahi və la ilahə illəl-lahu vəl-lahu əkbər" (tərc. - "Allah bütün nöqsanlardan pakdır, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur və Allah ən böyükdür”).

 

Qeyd edək ki, bu gecə istənilən digər ibadət və duaları etmək olar. Xüsusilə, şaban ayının 15-ci günü Həzrət Mehdinin (ə) mövlud günü olduğu üçün zamanın imamını yad etmək, onun zühuru üçün dualar etmək  tövsiyə olunur.  İstəyənlər "Fərəc""Ali-Yasin" və ya "Nüdbə" dualarını oxuya bilərlər.

 

Allah ibadətlərinizi qəbul etsin!

 

 

hacishahin.az